Bu gün Azərbaycanın xalq artisti Naiba Allahverdiyevanın doğum günüdür. 63 yaşını qeyd edən aktrisa özəl günü ilə bağlı təəssüratlarını Musavat.com-la bölüşüb.
-Naibə xanım, adətən deyirlər ki, yaş kişinin var-dövlətidir. Bəs xanımlar üçün yaş nədir?
- Mənə elə gəlir ki, bu gün bir yaş yox, bir ömür də əlavə olundu. İnsan yaşadığı ağırlıqlarla böyümüş olur. Çünki geriyə baxanda bəzi yarımçıq hekayələr, səssiz mübarizələr və çox yorğun bir ürək görürəm. Amma hələ də içimdə sınmayan bir şey var: hər şeyi yenidən başlamaq. Bəlkə də yenidən başlamaq, bir ümiddir.
Ümumiyyətlə, insan həyatı boyu haqsızlıqlarla qarşılaşaraq böyüyür. Bəlkə də elə buna görə bəzi insanların baxışları daha tez qocalır. Amma mənə elə gəlir ki, insan o zaman yaşlaşır ki, onun ürəyində mərhəmət hissi ölür. Bəzən deyirlər ki, insan o qədər haqsızlıqlarla qarşılaşdı ki, sonda çox qəddar oldu. Amma mən bu fikirlə razı deyiləm. Məsələn, mən uşaq olanda ana-ata mərhəməti görməmişəm. Bu sevgidən uzaq oldum. Bunun da müəyyən səbəbləri var idi. Bütün bunlara baxmayaraq, mənim ürəyimdə, qəlbimdə insanlığa, ümumiyyətlə bəşəriyyətə qarşı heç bir neqativ hiss, nifrət yoxdur. Əksinə, mən hiss edirəm ki, məndə insanlara qarşı mərhəmət günü-gündən artır.
İnsanın həyata qarşı inamı itirsə, o qocalır. Amma içində insanlığa, bəşəriyyətə sevgi ölməyibsə, onun ruhu heç vaxt qocalmır.
-Naibə xanım, böyüməkdən söhbət düşmüşkən, mənəvi böyüdüyünüzü nə zaman hiss etdiniz?
- Elə uşaqlıqdan mənəvi cəhətdən böyüdüm. Mən uşaqkən özümü artıq böyük hiss edirdim. Hər şeyin həyatda acısını görən bir uşaq kimi böyüdüm. Buna baxmayaraq, mənim üçün həyat mavi işıq idi. Yəni, mənim üçün həyat yaz fəslidir.
Bu gün sizi kim təbrik etsə, ürəyinizin sarı simi tərpənər ?
-Bu gün dostlarım, iş yoldaşlarım, bütün hər kəs məni təbrik etdi. Bundan başqa kiminsə məni təbrik etməyinə gəlincə isə bu, mənim özümə qalsın.
-Doğum gününüzlə bağlı hansı hədiyyəni istəyərsiniz?
-İstəyərəm ki, məni bu gün hansısa bir rejissor gözəl bir filmdə baş rola dəvət eləsin. Mənim üçün bu, böyük hədiyyə olardı.
-Hansı rola çəkilmək istəyərdiniz?
- Qəlbimdə bir obraz var, təbii ki, ana obrazını oynamaq istəyərdim . O, mənim beynimin, təfəkkürümün məhsuludur. Mən çox istəyərdim, kaş o ssenarini çəkdirməyə imkanım olardı. Bir də arzu edirəm ki, özümü sağlam hiss edim. Mənim ruhum sağlamdır. Amma istəyərəm ki, fiziki cəhətdən də sağlam olum. Ən böyük arzum sağlamlıqdır.
-Səhhətiniz yəqin ki, qaydasındadır?
-Səhhətim qaydasındadır. Amma bir neçə il öncə çəkilişdə yıxılmışdım və ayağım sınmışdı. O vaxtdan ayağımla bağlı problem yaşayıram. Bu da mənə sənətdə çox mane olur. Çünki bizim sənətdə indi hər şey fiziki hərəkət üzərində qurulur. Bu baxımdan tez-tez xəstəxəsanalara yolum düşür.
-Bu yaxınlarda qızınız ailə qurdu, yeni evinə köçdü. Təklik sizi darıxdırmır ki?
-Təbii ki, darıxıram. Çünki evdə hər zaman qızımın nəfəsi var. (ağlayır)
-Naibə xanım, 63-dən geriyə qayıtsaydınız, həyatınızın hansı dövrünə boylanardınız?
-Bəlkə də uşaqlıq illərimə qayıdardım. Həyətdə uşaqlarla oynayırdım, filmlərə baxırdım, sonra da uşaqları başıma yığıb tamaşa göstərirdim. Onlar da məni alqışlayırdılar, əl çalırdılar. Deyirdim, mən aktrisa olacağam, məni gözəl alqışlayın. O illərə qayıtmaq istəyərdim. Bir də qızımı ilk dəfə qucağıma aldığım günə qayıdardım.
-Sizi həyatda ən çox nə qorxudur?
-Məni yataq xəstəsi olmaq qorxudur. Çünki heç kimin əlinə baxmaq istəmirəm. Mən ümumiyyətlə, insanlara əziyyət vermək istəmirəm.
Şahanə Rəhimli
Musavat.com