AZ

Bayağılığın qeyri maddi irsi Saffari yazır…

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Özü simaca şirin, maraqlı və elə ziyansız adam olsa da, Azərbaycan musiqisində bayağılığın sütunlarından biri də Əlikram Bayramovdur. Yəni belə fiziki olmasa da, o, insan ruhuna uzun illər mahnıları ilə kifayət qədər zərbə vurub.

Əgər bu gün Azərbaycan toylarında “Allah xoşbəxt eləsin” deyilirsə, Əlikram Bayramov oxuyanda “Allah axrını xeyir eləsin” demək lazımdır.

Məsələn, UNESCO gəlib araşdırsa, “bayağılığın qeyri-maddi irsi” kimi qeydiyyata belə salar onu.

Bu mənada, Əlikram Bayramov sevildiyinə görə, ilk növbədə, azərbaycanlıların qulaqlarına təşəkkür etməlidir. Vallah, heç bir xarici adamın qulağı dözməzdi o mahnılara, ancaq azərbaycanlılar dözür.

Qəribədir ki, onun mahnılarında həmişə böyük hisslər olur. Daha dəqiq, hamı ölür, yanır, qovrulur, həsrət çəkir. Amma musiqinin özü elə oynaqdır ki, adam bilmir ağlasın, ya oynasın. Belə də kədərli dingildəmə olar?

Mənə elə gəlir ki, insanlar ona qulaq asmır, sadəcə məruz qalır.

Ümumiyyətlə, Əlikram Bayramov müğənni yox, “toyların fövqəladə hallar naziri”dir. Harada bir şadlıq evi açıldı, harada bir stolun üstünə araq gəldi, orada mütləq onun səsi peyda olur. Peşmansan ki, bir tikə yemək yeyəsən.

Məncə, Azərbaycan toylarının girişində belə bir xəbərdarlıq yazılmalıdır:

“Diqqət! İçəridə yüksək səviyyədə kabab tüstüsü və Əlikram Bayramov mövcuddur”.

Çünki tüstü ən azı gözünü yandırır, Əlikram Bayramov isə birbaşa beynini.

Birmənalı olaraq bu gün “manıs” deyəndə ağıla üç adam gəlirsə, onu ən azı ikisi elə Əlikram Bayramovun özüdür. Ola bilsin, üçüncü də özüdür. Ümumiyyətlə, Azərbaycan toylarını Əlikram Bayramovun bayağı musiqiləri qədər zəbt edən ikinci bir şey ola bilməz.

Bu mənada, onu bayağılığın simvolu, bayraqdarı, hətta akademiki hesab etmək olar. Nə Manaf Ağayev, nə Ağadadaş, nə başqası? Bayağılıqda heç kim Əlikram Bayramovun əlinə su tökə bilməz.

Təsəvvür edin, yeganə adamdır ki, bütün bayağı mahnıları dillər əzbəridir. “Əsrin gözəli, Yaz çiçəyim, Ölərəm sənin üçün” və s.

Hansı birini deyəsən?

Məsələn, mən yaz çiçəyi olsam, bu mahnının acığına açmaram. Özünə hörmət edən heç bir yaz Əlikram Bayramova görə Azərbaycana gəlməməlidir

Elə bir mahnısı yoxdur ki, “burada bir az ciddiyyət, bir az da olsa sənət var” deyib and içəsən. Sözsüz, mahnılarına and içmək olar, ancaq yalandan.

Nəinki mahnılar, hətta ölkənin ən bayağı klipləri də ona məxsusdur.

Əlikram Bayramovu sevdirən elə simasındakı, səsindəki az-çox şirinlik olub.

Ancaq bu şirinlik Azərbaycan xalqını zəhərləyib, toylarımıza zərbə vurub.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr