Haaqada şəhər meriyasının binasında yanında partlayıcı qurğunun olduğunu bildirən 28 yaşlı kişi polisi tərəfindən saxlanılıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb.
Kişi bel çantası ilə meriyanın binasına daxil olaraq mühafizə işçilərinə guya yanında bomba olduğunu bildirib.
Hadisə nəticəsində meriyanın binasının, eləcə də yaxınlıqdakı küçələrin və obyektlərin təxliyəsi barədə qərar qəbul edilib.
Hadisə yerinə xüsusi əməliyyatlar xidmətinin bölmələri və danışıqçılar göndərilib, onlar kişi ilə əlaqə saxlayıblar. Qeyd olunur ki, o, polislə əməkdaşlıq edib.
Yoxlama zamanı onun yanında partlayıcı maddələr aşkar edilməyib. Polisin məlumatına görə, saxlanılan şəxs əvvəllər hüquq-mühafizə orqanlarına qeyri-sabit davranışı olan şəxs kimi bilinirdi.
Hadisənin şahidlərinə psixoloji yardım təklif olunub.