Qazaxıstanın paytaxtı Astanada 5-ci Avrasiya İqtisadi Forumu işə başlayıb.
Musavat.com forumun açılışından görüntüləri təqdim edir. Forumda Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Belarus lideri Aleksandr Lukaşenko və digər Avrasiya İqtisadi İttifaqı ölkələrinin rəhbərləri iştirak edirlər. Ermənistanı isə baş nazir Nikol Paşinyan deyil, onun müavini Mher Qriqoryan təmsil edir.
Əslində son həftələrdə əsas müzakirə mövzularından biri də məhz Ermənistanın bu tədbirdə hansı səviyyədə iştirak edəcəyi idi. Rusiya rəsmiləri, Kremlin nümayəndələri və Moskva mediası ard-arda açıqlamalar verir, Paşinyanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşması ehtimalını gündəmə gətirirdilər. Xüsusilə Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun son açıqlamaları diqqət çəkmişdi. O bildirmişdi ki, Putin Astana görüşündə Ermənistanın Avropa Birliyinə yaxınlaşması məsələsini gündəmə gətirəcək və “eyni anda iki inteqrasiya məkanında olmaq mümkün deyil”. Bu, əslində Moskvadan İrəvana verilmiş açıq siyasi mesaj idi.
Paşinyanın Astanaya getməməsi isə təsadüfi qərar kimi görünmür. Ermənistan baş naziri əvvəlcədən həm Putinə, həm də Tokayevə seçki kampaniyası səbəbilə tədbirdə iştirak etməyəcəyini bildirmişdi. Ermənistan iyunun 7-də parlament seçkilərinə gedir və Paşinyan hazırda daxili siyasi mübarizənin ən kritik mərhələsindədir.
Lakin burada daha mühüm məqam başqa məsələdir. Paşinyan özü gəlməsə də, Ermənistan tədbirdən tam uzaqlaşmadı. Baş nazirin müavini Mher Qriqoryanın göndərilməsi İrəvanın hələlik Avrasiya İqtisadi İttifaqı ilə körpüləri tam yandırmaq istəmədiyini göstərir. Qriqoryan təsadüfi fiqur deyil. O, Ermənistan hökumətində iqtisadi və inteqrasiya məsələlərinin əsas kuratorlarından biridir və uzun illərdir Avrasiya platformalarında İrəvanı təmsil edir. Həm də Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat-kommunikasiya məsələləri üzrə üçtərəfli işçi qrupunun iştirakçılarından biridir.
Bu mənzərə göstərir ki, Paşinyan bir tərəfdən Qərbə yaxınlaşmağa çalışır, digər tərəfdən isə Moskvanı tam qarşısına almaq istəmir. Son aylarda Ermənistanın Avropa Birliyi ilə münasibətləri sürətlə inkişaf edir, ABŞ-la strateji tərəfdaşlıq sənədləri imzalanır, Vaşinqtondan Paşinyana açıq siyasi dəstək verilir. Eyni zamanda Moskva isə artıq açıq şəkildə xəbərdarlıq edir ki, Ermənistanın Avropa kursu enerji, qaz və iqtisadi güzəştlərə təsirsiz ötüşməyəcək.
Astana forumu bu baxımdan sadəcə iqtisadi tədbir deyil. Bu platforma hazırda postsovet məkanında yeni geopolitik qarşıdurmanın simvoluna çevrilib. Putin burada Avrasiya məkanının dağılmadığını nümayiş etdirməyə çalışır. Ermənistan isə həmin sistemin daxilində qalaraq paralel şəkildə Qərbə inteqrasiya etməyə çalışır. Lakin Moskvanın mesajı kifayət qədər sərtdir: “ya Brüssel, ya Avrasiya”.
Paşinyanın Astanaya getməməsi həm də Kremlin son illərdə Ermənistan rəhbərliyinə münasibətinin dəyişdiyini göstərir. 2023-cü ildən sonra Rusiya-Ermənistan münasibətlərində yaranmış gərginlik artıq gizlədilmir. Qarabağ məsələsində Moskvanın davranışını sərt tənqid edən Paşinyan indi daha çox Qərbə yaxın siyasət aparır. Buna baxmayaraq, Ermənistan iqtisadiyyatının böyük hissəsi hələ də Rusiya bazarından və Avrasiya İqtisadi İttifaqından asılıdır. Bu səbəbdən İrəvan tam qopuş qərarı vermək iqtidarında deyil.
Astana forumunun əsas nəticələrindən biri də budur: Ermənistan artıq əvvəlki kimi Moskvanın tam nəzarətində deyil, amma hələ də onun orbitindən tam çıxmayıb. Paşinyan isə seçkilərə qədər bu balans siyasətini davam etdirməyə çalışır.
Musavat.com