Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Rəsmi Kiyev yalnız tamhüquqlu üzvlük variantını qəbul etdiyini bildirir..."
Avropa İttifaqı (Aİ) Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanmasına hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Brüssel ilk mərhələni iyunda açmaq istəyir
Nəşrin yazdığına görə, Aİ artıq gələn ay ilk danışıq mərhələsinin açılacağını gözləyir. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, ilk "klaster"in iyunda, digər mərhələlərin isə iyul ayında açılması planlaşdırılır.
Onun sözlərinə görə, həm Kiyev, həm də Kişinyov Avropa standartlarına uyğunlaşmaq üçün mühüm hazırlıq işləri aparıb. Kos qeyd edib ki, Avropa Komissiyası siyasi maneələr aradan qalxacağı halda prosesin dərhal davam etdirilməsi üçün bütün texniki hazırlıqları tamamlayıb.
Macarıstanın mövqeyi dəyişməyə başlayıb
İndiyədək Ukraynanın Aİ-yə inteqrasiyası əsasən Macarıstanın vetosu səbəbindən ləngiyirdi. Keçmiş baş nazir Viktor Orban uzun müddət Kiyevin üzvlük prosesinə qarşı çıxırdı. Lakin Budapeştdə hakimiyyət dəyişikliyindən sonra vəziyyət dəyişməyə başlayıb.
Yeni hökumətin Ukrayna məsələsində daha yumşaq və praqmatik mövqe tutduğu bildirilir. Marta Kosun sözlərinə görə, Ukrayna ilə Macarıstan arasında macar azlığının hüquqları üzrə aparılan danışıqlar da münasibətlərin yumşalmasına təsir edib.
Zelenski "yarımçıq üzvlük" ideyasını rədd edir
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Fridrix Mersin Ukrayna üçün "assosiativ üzvlük" modeli ilə bağlı təklifini qəbul etmədiyini bildirib. "Bloomberg"-in məlumatına görə, Zelenski Avropa İttifaqı rəhbərliyinə ünvanladığı məktubda Ukraynanın heç vaxt "yarımüzvlük" və ya məhdud hüquqlu iştirak variantını nəzərdən keçirmədiyini vurğulayıb.
O bildirib ki, Ukrayna Avropanın təhlükəsizliyi uğrunda mübarizə aparır və buna baxmayaraq ölkənin tamhüquqlu üzvlükdən kənarda saxlanılması ədalətsiz olardı. Zelenski həmçinin xəbərdarlıq edib ki, Aİ-nin genişlənmə məsələsində tərəddüd göstərməsi Moskva tərəfindən zəiflik kimi qiymətləndirilə bilər.
Kiyev Gömrük Məcəlləsini Aİ standartlarına uyğunlaşdırır
Ukrayna hökuməti eyni zamanda Avropa standartlarına uyğun yeni Gömrük Məcəlləsi layihəsini də təsdiqləyib. Baş nazir Yuliya Sviridenko bildirib ki, sənəd tam şəkildə Aİ-nin gömrük qaydalarına uyğun hazırlanıb. Yeni sistem gömrük prosedurları, bəyannamələr, təminatlar və rüsum qaydaları üzrə Avropa modeli əsasında qurulacaq.
Hökumətin fikrincə, bu dəyişikliklər Ukrayna biznesi üçün daha şəffaf və proqnozlaşdırılan mühit yaradacaq, həmçinin Avropa bazarına inteqrasiyanı sürətləndirəcək. Kiyev hesab edir ki, gömrük islahatı Ukraynanın Aİ-yə üzvlük prosesində əsas addımlardan biri olacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.