AZ

Kitab təqdimatı keçirilib

26 may 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Ağaverdi oğlu Əsgərovun əziz xatirəsinə həsr olunmuş və yazıçı Sevinc Azadlının qələmə aldığı “Torpağa can Canpolad” adlı kitabın geniş mətbuat və ictimaiyyət üçün təqdimat mərasimi keçirilib. Tədbir muxtar respublikanın rəsmi dairələrini, ziyalıları, şairləri, qəhrəman qazilərimizi və şəhid ailələrini bir araya gətirib.

​Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsininin bir dəqiqəlik sükutla yad edilməsindən sonra, kollecin direktoru Asəf Ruşanov kitabın gənc nəsil üçün qiymətli bir vətənpərvərlik dərsliyi olduğunu vurğulayıb. O, tarixi yaddaşımızı qorumağın, şəhidlərimizin adını uca tutmağın həm insani, həm də milli borc olduğunu qeyd edib. Direktor kollecin tələbələrinin məhz belə qəhrəmanlıq dastanlarından nümunə götürərək yetişdiklərini diqqətə çatdırıb. Ali Məclisin deputatı Gülsad xanım Rüstəmova şəhid Canpolad Əsgərovun göstərdiyi şücaətin Azərbaycan gəncliyi üçün bir məktəb olduğunu bildirib. O, torpaqlarımızın məhz belə fədakar oğulların qanı sayəsində azad nəfəs aldığını vurğulayaraq şəhid anasının qarşısında baş əydiyini bəyan edib. Deputat həmçinin dövlətin şəhid ailələrinə və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb. Yazıçılar Birliyinin sədri Asim Yadigar isə şəhidlərin qəhrəmanlığını ədəbiyyat vasitəsilə gələcək nəsillərə ötürməyin vacibliyini qeyd edib. O, “Torpağa can Canpolad” əsərinin hər sətirində bir qəhrəmanın ruhunun yaşandığını bildirib. Şair, Sevinc Azadlının bu dəyərli əsərlə şəhidimizin adını söz sənətində də əbədiləşdirdiyini diqqətə çatdırıb.

​Daha sonra şairə Təranə xanım Arifqızı Vətən torpağının müqəddəsliyini şəhidlərin canı bahasına tapdığı ruzi və şərəflə bağlayaraq öz ürək sözlərini vətənpərvərlik ruhunda bölüşüb. O, Canpolad Əsgərovun adının Naxçıvanın və bütöv Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Şairə şəhidlərin ölməzliyini tərənnüm edən fikirləri ilə tədbirə xüsusi lirik ovqat qatıb. İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov şəhidlərin əziz xatirəsininin dövlət səviyyəsində hər zaman uca tutulduğunu qeyd edib. O, şəhid ailələri və qazilərlə işin təşkili istiqamətində görülən ardıcıl tədbirlərdən bəhs edib. Şöbə müdiri Canpolad Əsgərovun adının Naxçıvan şəhərində hər zaman ehtiramla anılacağını və gənclərin vətənpərvərlik tərbiyəsində bu cür tədbirlərin mütəmadi dəstəklənəcəyini vurğulayıb. Radio redaktoru Naminə Məhərrəmova qəhrəman şəhidimizi böyüdən ananın mətanətini və bir övladı Vətənə qurban verməyin ucalığını xüsusi qeyd edib. O, şəhid ailəsinin göstərdiyi bu dəyanətin və sarsılmaz iradənin hər kəs üçün bir mərdlik nümunəsi olduğunu bildirib. Redaktor ananın fədakarlığının cəmiyyətə örnək olduğunu diqqətə çatdırıb. Şəhidin bacısı Ramilə və qardaşı Ramin Əsgərov isə Canpoladla hər zaman fəxr etdiklərini, onun adının bu cür uca tutulmasının ailələri üçün böyük bir təsəlli olduğunu bildiriblər. Onlar qardaşlarının ailədə qayğıkeş, Vətənə və bayrağa sonsuz sevgi bəsləyən bir insan olduğunu xatırladıblar. Doğmaları göstərilən yüksək ehtirama və kitabın ərsəyə gəlməsində əməyi olanlara dərin minnətdarlıqlarını ifadə ediblər. Kitabın müəllifi Sevinc Azadlı da çıxış edərək ərsəyə gələn yeni nəşr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Müəllif ekranlaşdırılan və yazılan bu cür əsərlərin şəhidlərimizin unudulmaz xatirəsinə mənəvi borc olduğunu vurğulayıb. O, kitabın hazırlanma prosesində göstərdikləri dəstəyə və qəhrəman şəhidimizin xatirələrini bölüşdüklərinə görə şəhid ailəsinə öz dərin minnətdarlığını bildirərək, onlara uca hörmət və ehtiramını ifadə edib.

​Çıxışların ardından tələbələrin hazırladığı videoçarx nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və “Naxçıvan” xor qrupunun əzəmətli ifaları ilə tədbirə yekun vurulub. Sonda müəllif tərəfindən imzalanmış kitablar qonaqlara təqdim edilib və şəhid ailəsi ilə birlikdə xatirə şəkilləri çəkdirilib.

​Qeyd edək ki, 1973-cü il təvəllüdlü Canpolad Əsgərov Vətənin ağır günlərində könüllü olaraq cəbhəyə yollanmış, ilk döyüş yoluna doğma Naxçıvanın, xüsusilə Sədərəyin müdafiəsi ilə başlamışdır. O, mənfur düşmənin hücumlarının qarşısının alınmasında, sərhədlərimizin qorunmasında böyük rəşadət nümayiş etdirmiş, daha sonra Qarabağ cəbhəsində gedən ağır döyüşlərdə də fəal iştirak etmişdir. Sədərək və Qarabağ uğrunda gedən bu qanlı döyüşlərdə son damla qanına qədər vuruşan Canpolad Əsgərov qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur. Təqdim olunan bu yeni nəşr də ömrünü Vətənə fəda edən qəhrəmanın şərəfli döyüş yolunu gələcək nəsillərə ötürmək, onun xatirəsini əbədiləşdirmək baxımından böyük tarixi və bədii əhəmiyyət daşıyır.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi

 



Seçilən
47
herbiand.az

1Mənbələr