AZ

Praqanın vəhşi dünyası – Avropanın ən məşhur zooparkında unudulmaz 3 saat - VİDEO, FOTOLAR

Praqaya səfər edən turistlərin çoxu əvvəlcə Karl körpüsünü, qədim meydanları, astronomik saatı və şəhərin məşhur qotik memarlığını görmək istəyir. Amma şəhərin bir başqa möcüzəsi də var - Praqa zooparkı. Troya bölgəsinin yaşıllıqları içində yerləşən bu nəhəng zoopark ilk baxışdan adi heyvanat bağı təsiri bağışlasa da, içəri daxil olduqdan sonra insan tamam başqa bir dünyaya düşür. Buranı böyük bir ekoloji şəhərcik adlandırmaq olar.

Zooparkın ərazisi o qədər böyükdür ki, buranı tam gəzmək üçün ən azı 5-6 saat vaxt lazım gəlir. Parkda olarkən fasilə vermədən və demək olar ki, bütün əsas pavilyonları sürətlə seyr edərək zooparkdakı gəzintini 3 saata başa vura bilmişdim. Amma həmin üç saat insanın yaddaşında uzun müddət qalacaq qədər təsirli idi.

 WhatsApp

Meşəlik yollar, körpülər, müşahidə meydançaları və müxtəlif iqlim zonalarını xatırladan pavilyonlar insanı sanki bir qitədən digərinə aparırdı. Bir neçə dəqiqə əvvəl Avropanın mərkəzində olduğunuzu düşünürsünüz, az sonra isə özünüzü tropik meşədə, Afrika savannasında və ya buzlu qütb zonasında hiss edirsiniz.

BEGO.jpeg

 WhatsApp

Zooparkın ən məşhur hissələrindən biri “İndoneziya cəngəlliyi” pavilyonudur. İçəri daxil olan kimi insanı isti və rütubətli hava qarşılayır. Bir neçə saniyə əvvəl Praqanın sərin havasında olan turist birdən-birə tropik meşələrin içində olduğunu hiss edir. Nəhəng ağaclar, süni şəlalələr, ekzotik quşların səsləri, su hövzələri və sərbəst hərəkət edən canlılar bu məkanı real cəngəlliyə çevirir. Burada dünyanın ən təhlükəli sürünənlərindən hesab edilən Komodo əjdahalarını görmək mümkündür. Yuxarı hissələrdə ağac budaqları üzərində yellənən meymunlar isə xüsusilə diqqət çəkir.

WhatsApp

Praqa zooparkında diqqətimi ən çox çəkən bölmələrdən biri fillər üçün ayrılmış nəhəng ərazi oldu. Burada fillər üçün həm geniş açıq sahələr, həm də böyük qapalı pavilyonlar yaradılıb. Fillər bəzən açıq havada gəzir, bəzən isə pavilyon daxilində dincəlirdilər. Maraqlısı isə bəzi fillərin ayrıca saxlanılması idi. Parkda olduğum zaman iri dişləri olan nəhəng bir erkək fil digər fillərdən ayrı saxlanılırdı. Həmin fil xüsusilə turistlərin diqqətini çəkirdi. İnsanlar onun şəkillərini çəkir, videolarını paylaşır, bəzi turistlər isə heyvanın tək saxlanılmasına görə kədərləndiklərini gizlətmirdilər. Amma filin davranışına baxanda başa düşmək olurdu ki, bu qərar səbəbsiz deyil. Nəhəng dişləri olan erkək fil kifayət qədər aqressiv görünürdü və onun digər fillər üçün təhlükəli ola biləcəyi hiss edilirdi.

WhatsApp

Maraqlıdır ki, zoopark ziyarətimdən cəmi bir gün sonra Çexiya mətbuatında Praqa zooparkında baş vermiş hadisə ilə bağlı xəbərlər yayıldı. Məlumata görə, zooparkdakı erkək fillərdən biri dişi fillə dalaşaraq onu öldürüb. Bu xəbəri oxuyanda ağlıma dərhal ayrıca saxlanılan həmin nəhəng fil gəldi. O an zoopark əməkdaşlarının niyə bəzi filləri ayrıca saxladıqlarını daha yaxşı anlamaq olurdu.

WhatsApp

Zooparkın başqa hissələrində pinqvinlər, nadir quş növləri, zürafələr, su ayğırları, timsahlar, nəhəng tısbağalar və yüzlərlə başqa canlı yaşayır. Burada ən maraqlı məqamlardan biri heyvanların dar qəfəslərdə deyil, geniş və təbii şəraitə yaxın mühitdə saxlanılmasıdır. Hiss olunur ki, heyvanların özlərini mümkün qədər təbii mühitdə hiss etməsinə çalışırlar. Bəlkə də məhz buna görə buradakı heyvanlar daha sağlam, daha enerjili və daha rahat görünürlər. Bir çox zooparklarda heyvanların yorğun və sıxılmış görünüşü diqqət çəkdiyi halda, Praqa zooparkında tam əks mənzərə ilə qarşılaşırsan.

WhatsApp

Beləliklə, burada keçirdiyim üç saat Praqa səfərinin ən maraqlı və yaddaqalan hissələrindən birinə çevrildi.

TİSBA.jpeg

Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr