Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca xarici müdaxilə iddiaları daha da diqqət mərkəzinə gəlir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məqalədə Qərb kəşfiyyatına yaxın mənbələrə və hökumət rəsmilərinə istinadla Rusiyanın iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistandakı siyasi proseslərə təsir imkanlarını müzakirə etdiyi iddia olunur.
)
"Reuters"in məlumatına görə, Moskva baş nazir Nikol Paşinyanın hakimiyyətə qalmasının qarşısını almağa və İrəvanın Qərblə yaxınlaşmasını zəiflətməyə çalışır. Məqalədə qeyd olunur ki, Kremlin bunun üçün yalnız informasiya və dezinformasiya kampaniyalarına deyil, həm də daha qeyri-adi ssenarilərə baxır.
Agentliyin beş mənbəsinin sözlərinə görə, Rusiya rəsmiləri on minlərlə Ermənistan vətəndaşının səsvermə üçün Ermənistana göndərilməsi imkanını müzakirə ediblər. Halbuki Ermənistan qanunvericiliyinə əsasən, ölkə vətəndaşlarının xaricdən səs verməsi mümkün deyil və seçkidə iştirak üçün ölkəyə gəlmək lazımdır.
Agentlik yazır ki, Rusiya daxilində ilkin hesablamalarda təxminən 100 min erməninin Ermənistana göndərilməsinin təqribən 50 milyon dollara başa gələcəyi müzakirə olunub. İddialara görə, may ayının ortalarına doğru Kreml müxtəlif regionlar üzrə kvotalar müəyyən edib və hər bölgədən neçə nəfərin göndərilə biləcəyinə dair hazırlıq hesabatları istəyib.

Bununla belə, "Reuters" xüsusi vurğulayır ki, belə planın praktik olaraq həyata keçirilib-keçirilmədiyini və ya bunun seçkinin nəticələrinə real təsir edib-etməyəcəyini təsdiqləmək mümkün olmayıb.
Məqalədə yer alan sorğu nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası təxminən 30 faiz səslə seçki yarışında öndə görünür. Rusiyalı erməni milyarder Samvel Karapetyan-ın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun isə təxminən 6 faiz dəstəyə malik olduğu bildirilir.
Agentliyə danışan üç Qərb rəsmisinin fikrincə, Moskvanın seçkidə ən çox üstünlük verdiyi fiqurlardan biri məhz Samvel Karapetyandır. Bununla yanaşı, Karapetyanın vəkili Robert Amsterdam agentliyə açıqlamasında müvəkkilinin Rusiyanın mümkün dəstəyi barədə hər hansı məlumata malik olmadığını bildirib.
Musavat.com