AZ

Nağdsız hesablaşmalar: İqtisadiyyata nə verdi?

Nağdsız iqtisadiyyata keçid son illərdə ölkədə iqtisadi modernləşmənin əsas istiqamətlərindən birinə çevrilib.

Rəqəmsal ödənişlərin genişlənməsi, kart və mobil tətbiqlərlə əməliyyatların artması həm biznes mühitində şəffaflığı gücləndirir, həm də nağd dövriyyənin azalmasına şərait yaradır. 

Dövlət və maliyyə sektoru bu prosesi iqtisadi intizam və uçotun yaxşılaşması baxımından vacib addım kimi təqdim edir. Lakin bu dəyişikliklərin paralelində fərqli bir reallıq da formalaşır. 

Xüsusilə kiçik və orta biznes subyektləri üçün nağdsız ödəniş sistemlərinə keçid yalnız texnoloji yenilik deyil, həm də əlavə xərclər deməkdir.

POS-terminal xidmətləri, bank komissiyaları və müxtəlif əməliyyat haqları kiçik dövriyyəyə malik sahibkarların gəlir strukturuna birbaşa təsir göstərir.

Nağdsız iqtisadiyyata keçid iqtisadi sistemin ümumi dayanıqlığına necə təsir edir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, insanlar həm rahatlıq, həm də təhlükəsizlik baxımından rəqəmsal ödənişlərə daha çox üstünlük verməyə başlayıblar:

"Bütövlükdə nağdsız iqtisadiyyata keçid iqtisadi sistemin dayanıqlılığına müsbət təsir göstərir. Bunun bir sıra səbəbləri var. İlk növbədə nağdsız ödənişlər şəffaflığı artırır, sağlam rəqabət formalaşdırır və vergidən yayınma hallarının qarşısını almağa kömək edir. Bu isə ümumilikdə iqtisadiyyat üçün müsbət hesab olunur. Düzdür, sahibkarlar üçün müəyyən əlavə xərclər yaranır. Amma bu xərclər elə də böyük deyil.

Üstəlik POS-terminal tələbi hər sahibkara aid edilmir. İllik dövriyyəsi 200 min manatdan yuxarı olan sahibkarların artıq müəyyən gəlir səviyyəsi olur və bu baxımdan rəqəmsal ödəniş sistemlərinə keçid onların fəaliyyəti üçün normal hesab edilir.

Nağdsız ödənişlərin artması sahibkarı həm istehlakçı, həm də dövlət qarşısında daha məsuliyyətli edir. Eyni zamanda, rəqəmsal ödənişlər zamanı ƏDV-nin bir hissəsinin geri qaytarılması alıcıları da stimullaşdırır. İnsanlar artıq daha çox nağdsız ödəniş etməyə və çek tələb etməyə maraq göstərirlər".

Ekspert qeyd edib ki, əvvəllər bir çox alıcı alış-veriş zamanı çek götürmürdü:

"Bu isə məhsulda problem yarananda çətinlik yaradırdı. İnsan nə məhsulu qaytara, nə dəyişdirə, nə də haqqını tələb edə bilirdi. Çünki əlində alış-verişi təsdiqləyən sənəd olmurdu. İndi isə vəziyyət dəyişib.

İnsanlar əsasən ƏDV geri qaytarıldığı üçün çek götürürlər. Bu da istehlakçı hüquqlarının qorunmasına, həm alıcı, həm də satıcı arasında münasibətlərin daha şəffaf qurulmasına səbəb olur.

Rəqəmsal ödəniş sistemlərinin inkişafı artıq dünyanın bir çox ölkəsində iqtisadi inkişafın əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycanda da bu sahəyə marağın artması gələcəkdə daha şəffaf, nəzarətli və müasir iqtisadi mühitin formalaşmasına töhfə verə bilər".

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr