BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Livanın cənubunda yeni hava hücumları həyata keçirib. Hücumlar atəşkəsin qüvvədə qalmasına baxmayaraq bölgədə gərginliyin davam etdiyini göstərir.
TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin yaydığı məlumata görə, İsrail ordusu ölkənin cənubunda yerləşən əl-Baysariyyə, əs-Sərəfənd və Xirbət Səlim yaşayış məntəqələrinə hava zərbələri endirib.
Məlumatda bildirilir ki, əl-Abbasiyyə yaşayış məntəqəsi yaxınlığında yolda hərəkətdə olan motosiklet də İsrailin hədəfinə çevrilib. Hücum nəticəsində bir neçə nəfərin yaralandığı qeyd olunur.
Livan mənbələrinin məlumatına əsasən, cümə günü İsrailin ölkənin cənubundakı müxtəlif yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində azı beş nəfər həlak olub.
Qeyd olunur ki, ABŞ vasitəçiliyi ilə aparılan dolayı danışıqlardan sonra aprelin 17-də qüvvəyə minən atəşkəs rejimi mayın 17-dən etibarən daha 45 gün müddətinə uzadılıb. Buna baxmayaraq, İsrailin Livan ərazisinə zərbələri davam edir.
Regionda təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır və tərəflər arasında qarşılıqlı ittihamlar davam edir.