Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təmas” RİİB tərəfindən həyata keçirilən “Qərb bölgəsində insan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar” layihəsi çərçivəsində layihə komandasının işçi görüşü keçirilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, görüş zamanı layihənin məqsədləri, fəaliyyət planı, komanda üzvlərinin rol və məsuliyyətləri müzakirə olunub, qarşıdakı dövr üçün əməkdaşlıq mexanizmləri müəyyən edilib. Həmçinin layihə büdcəsinin idarə olunması və maliyyə hesabatlılığı məsələlərinə baxılıb.
Tədbir çərçivəsində maarifləndirmə fəaliyyətləri ilə bağlı da müzakirələr aparılıb. Xüsusilə “Kiber məkanın təhlükəsizlik qaydaları” mövzusunda 4 orta ümumtəhsil məktəbində keçiriləcək seminarlar, təhsil müəssisələri ilə əməkdaşlıq imkanları və rəsmi yazışmaların hazırlanması məsələləri nəzərdən keçirilib.
Görüşün sonunda iştirakçıların təklif və rəyləri dinlənilib, layihənin səmərəli icrası üçün növbəti addımlar müəyyənləşdirilib.
Layihə rəhbəri Südabə Məmmədova bildirib ki, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər insan alveri və məişət zorakılığı risklərinin azaldılmasına, eləcə də uşaqların və gənclərin rəqəmsal təhlükəsizliyi sahəsində maarifləndirilməsinin gücləndirilməsinə töhfə verəcək.
Fotolar