AZ

Deputat: “Radikal qüvvələrin Müstəqillik Günündə Azərbaycanın bayrağı əvəzinə Avropa İttifaqının bayrağını nümayiş etdirməsi onların niyyətini ortaya qoyur”

“Azərbaycan dövləti öz dövlətçilik tarixinə böyük dəyər verir və biz 108 il əvvəl Cümhuriyyət qurucularının müsəlman Şərqində yaratdığı ilk demokratik, hüquqi və dünyəvi dövlətimizlə fəxr edir, qürur duyuruq. Məhz buna görə də Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Xalq Cümhuriyyəti İli” elan olundu və bu əlamətdar tarix ilboyu silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş medal təsis edildi. 2007-ci il mayın 25-də isə Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılışı oldu. Təbii ki, AXC-nin yaranması bundan sonra da hər zaman qeyd olunacaq və şərəfli dövlətçilik tariximiz gələcək nəsillərə layiqincə çatdırılacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov sosial şəbəkələrdə Azərbaycanın Müstəqillik Gününü təmtəraqlı qeyd etməməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib.

 

Deputatın sözlərinə görə, radikal qüvvələrin hakimiyyətə qarşı siyasi fəaliyyət aparması təbii haldır: “Lakin hərbi paradın keçirilməməsi ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur. Çünki Azərbaycan bundan sonra artıq qələbə paradları keçirən dövlət kimi tarix yazır. Bu gün Azərbaycanda hərbi paradın keçirilməməsinə görə hakimiyyəti ittiham edənlərin özlərinin hakimiyyətdə olduqları qısa dövrdə yenicə bərpa olunmuş dövlət müstəqilliyimiz ciddi təhlükə altına düşmüşdü. Məhz həmin illərdə torpaqlarımızın 20 faizi erməni işğalı altına keçdi. Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündə dövlət başçımız qalib sərkərdə kimi azad olunmuş torpaqlarda salınan yeni yaşayış məntəqələrinə qayıdan insanlarla görüşür, yeni müəssisələrin açılışlarını edir və müstəqil Azərbaycanın suveren ərazilərindən dünyaya mühüm mesajlar verir. Dövlət başçımız Müstəqillik Günündə bəzi radikal qüvvələr kimi əsassız bəyanatlar səsləndirmir. Əksinə, işğaldan azad olunmuş torpaqlara yeni nəfəs verir, Xankəndidə ucaldılmış Zəfər tağı önünə gül dəstələri qoyaraq Azərbaycanın suverenliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsini yad edir”.

 

A.Badamov AXCP üzvlərinin Müstəqillik Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etməsi zamanı Aİ bayrağının qaldırılmasını tənqid edib:  “Radikal qüvvələrin 28 May – Müstəqillik Günündə Azərbaycanın üçrəngli dövlət bayrağı əvəzinə Avropa İttifaqının bayrağını nümayiş etdirməsi onların niyyətini bir daha açıq şəkildə ortaya qoyur. Azərbaycan xalqı öz doğma bayrağı qarşısında baş əyir və onu daim qürurla daşıyır. Xalqımız heç vaxt başqa bir bayrağın ölkəmizin ərazilərində dalğalanmasına imkan verməyəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 29 May 2026, 19:54   
Seçilən
29
pravda.az

1Mənbələr