AZ

Ebola mübarizəsinə Qərbdən büdcə zərbəsi: Epidemiya qlobal riskə çevrilə bilər

Ebola mübarizəsinə Qərbdən büdcə zərbəsi: Epidemiya qlobal riskə çevrilə bilər

Konqo Demokratik Respublikasında (KDR) sərhədləri aşaraq yayılan ölümcül Ebola epidemiyası ABŞ və İngiltərə başda olmaqla Qərb ölkələrinin humanitar yardımlarda etdiyi kəskin ixtisarlar səbəbindən qlobal böhrana çevrilmək riski daşıyır.

AFN.az xəbər verir ki, tibb işçiləri beynəlxalq dəstəyin zəifləməsi üzündən epidemiyanın daha uzun sürəcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Konqo Demokratik Respublikasının şərqində baş qaldıran və qonşu Uqandaya da sıçrayan Ebola epidemiyası bu dəfə təkcə virusla deyil, həm də dərin maliyyə böhranı ilə mübarizə aparır.

Bu epidemiya ABŞ-da Donald Tramp və İlon Maskın rəhbərliyi altında USAID kimi beynəlxalq yardım təşkilatlarının büdcələrinin demək olar ki, baltalanmasından sonra yaşanan ilk böyük Ebola böhranı kimi tarixə düşüb.

Keçmiş epidemiyalarda həyat qurtaran sürətli müdaxilə infrastrukturu Qərbin fondları geri çəkməsi ilə o qədər kiçilib ki, mövcud sistem artıq fundamental ehtiyacları belə qarşılamaqda çətinlik çəkir.

ABŞ-ın KDR-ə etdiyi xarici yardımın 2024-cü ildə 1,4 milyard dollar səviyyəsində olduğu halda, bu il hələ ki cəmi 21 milyon dollarda qalması böhranın miqyasını açıq şəkildə gözlər önünə sərir.

Epidemiyanın mərkəzi olan İturi əyalətinin paytaxtı Bunia şəhərində fəaliyyət göstərən "Alima" adlı qeyri-hökumət təşkilatının koordinatoru Dr. Papis Lame virusun rəsmi şəkildə elan edilməzdən əvvəl cəmiyyət arasında uzun müddət fərqinə varılmadan yayıldığını bildirir.

Ebolanın ilk əlamətlərinin malyariya və qarın yatalağı kimi bölgədə tez-tez rast gəlinən xəstəliklərlə bənzərlik təşkil etməsi və regionda kifayət qədər laboratoriya test imkanlarının olmaması yoluxma hallarının izlənilməsini demək olar ki, qeyri-mümkün edir.

Hazırkı rəsmi məlumatların aysberqin sadəcə görünən tərəfi olduğunu ifadə edən ekspertlər müalicə imkanlarının yetərsizliyi ucbatından ölüm göstəricilərinin sürətlə artdığını vurğulayırlar.

Epidemiyanın ön cəbhəsində vuruşan tibb işçiləri də böyük risk altındadır. Belə ki, Buniadakı tibb mərkəzində xəstələri müalicə edən ən azı beş həkim və tibb bacısı virusa yoluxaraq həyatını itirib.

Tibbi çatışmazlıqlarla yanaşı yerli əhali ilə humanitar yardım qrupları arasındakı etimad problemi də böhranı daha da dərinləşdirir.

Bölgədəki bəzi icmalar virusun real olmadığına və ya humanitar yardım işçiləri tərəfindən qəsdən gətirildiyinə inanırlar.

Virusun cənazələrdən yoluxmasının qarşısını almaq məqsədilə tətbiq edilən sərt dəfn qaydaları isə əhalinin etirazına səbəb olur; Rvampara bölgəsində vəfat edən gənc bir futbolçunun nəşini qaydalara əməl etmədən təhvil almaq istəyən bir qrup şəxs Ebola mərkəzini yandırıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanı beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edərkən, Oksford Universitetinin alimləri iki ay ərzində klinik sınaqlarına başlanıla biləcək Ebola pevəndi üzərində işlədiklərini bəyan ediblər.

Lakin qlobal siyasi qütbləşmə səbəbindən dövlətlər bu böhrana əvvəlki epidemiyalardakı kimi ortaq reaksiya nümayiş etdirə bilmirlər.

ABŞ bölgədən gələn sərnişinlərə sərhədlərini bağlayıb Keniyada amerikalı xəstələr üçün karantin mərkəzi qurmağa üstünlük verdiyi halda sahədəki qruplar təcili olaraq beynəlxalq logistika, təmiz su və mütəxəssis dəstəyi çağırışı edir.

Seçilən
40
afn.az

1Mənbələr