AZ

Dünya Kubokunu cəmi 8 ölkə qazanıb

Dünya Kubokunu cəmi 8 ölkə qazanıb

Futbol dünyasının ən mühüm turniri olan FİFA Dünya Kubokunu təşkil edildiyi 1930-cu ildən bəri cəmi 8 ölkə qazana bilib.

AFN.az xəbər verir ki, İkinci Dünya Müharibəsi dövrü istisna olmaqla 1930-cu ildən bəri keçirilən Dünya Kuboklarında ən çox çempionluq sevinci yaşayan komanda 5 dəfə bu uğura imza atan Braziliya olub.

İtaliya və Almaniya hərəyə dörd dəfə turnirin qalibi adını qazandığı halda, Argentina 3, Uruqvay və Fransa iki, İngiltərə və İspaniya isə birər dəfə ölkələrinə Dünya Kubokunun qalibi olmaq sevincini bəxş ediblər.

İndiyədək kuboku 5 Avropa və 3 Cənubi Amerika ölkəsi qazanıb, digər qitələrdən isə çempion çıxmayıb.

Dünya Kuboku tarixində Uruqvay, İngiltərə və İspaniya oynadıqları bütün final matçlarını qazanaraq kuboka sahib çıxan ölkələr kimi diqqət çəkib.

İki dəfə final oynamaq hüququ əldə edən Uruqvay hər iki halda çempionluğu əldə edib, İngiltərə və İspaniya isə bir dəfə çıxdıqları final qarşılaşmasının sonunda kuboku başları üzərinə qaldırmağı bacarıblar.

Dünya Kuboku tarixinin ən dramatik komandası isə Niderland olub.

"Narıncılar" turnir tarixində 3 dəfə finala yüksəlməyi bacarsalar da, heç birində arzuladıqları çempionluğa nail ola bilməyiblər.

Oynadığı hər 3 finalda da məğlub olan Niderland ölkəsinə kubok sevinci yaşada bilməyib.

İlk olaraq 1974-cü ildə ev sahibi Qərbi Almaniyaya, 1978-ci ildə isə digər ev sahibi Argentinaya uduzan Niderland Cənubi Afrikada keçirilən 2010-cu il Dünya Kubokunda bu dəfə əlavə vaxtda buraxdığı qolla İspaniyaya məğlub olub.

Çexoslovakiya və Macarıstan da iki dəfə final oynamaq şansı qazanmalarına baxmayaraq, tarixlərində heç vaxt Dünya Kubokunun qalibi ola bilməyiblər.

Bu arada, bir dəfə final oynayıb məğlub olan İsveç və Xorvatiya da kubokun biraddımlığında qalan digər ölkələr sırasındadır.

Almaniya və Braziliya Dünya Kubokunda ən çox finala yüksələn ölkələr kimi tarixə düşüblər.

Belə ki, Almaniya 8, Braziliya isə 7 dəfə finala adını yazdırıb.

İtaliya və Argentina hərəyə 6, Fransa isə 4 dəfə final mərhələsinə adlamağı bacarıb.

Almaniya və Braziliya ən çox finala yüksələn komandalar olmalarına baxmayaraq, turnir tarixində indiyədək yalnız bir dəfə - Cənubi Koreya və Yaponiyanın birgə ev sahibliyi etdiyi 2002-ci il Dünya Kubokunun finalında qarşı-qarşıya gəliblər və həmin oyunda Braziliya 2-0 hesabı ilə qalib gələrək Dünya Çempionu olub.

Seçilən
52
afn.az

1Mənbələr