Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan “AF Hotel”də baş verən yanğından sonra diqqətlər hotelin sahibi Azay Möhnətovun digər bizneslərinə yönəlib. Belə ki, hadisədən qısa müddət sonra onun sahib olduğu “Eurohome” tikinti materialları bazarı bağlandı.
Publika.az Globalinfo.az-a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bazarın bağlanma səbəbi kimi ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlandığı göstərilir.
Maraqlıdır ki, 2019-cu ildən həm “AF Hotel”, həm də “Eurohome”un sahibi kimi tanınan Azay Möhnətov son günlər gündəmdən düşmür. Onun biznes fəaliyyəti yalnız bu obyektlərlə məhdudlaşmır. Müxtəlif illərdə adı tikinti, daşınmaz əmlak və turizm sahələrində həyata keçirilən layihələrdə hallanıb. Hətta Rusiyada da biznesinin olduğu deyilir.
Əslən Şamaxı rayonundan olduğu bildirilən Azay Möhnətov “AF Holding” şirkətlər qrupunun prezidenti, eyni zamanda “Uğur-97” şirkətinin rəhbəridir. O, həmçinin Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Holdinqin rəsmi səhifəsində bir müddət əvvəl qeyd olunub ki, 1989-cu ildə təsis edilən “AF General Trading” şirkəti əsasən ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, eyni zamanda Frankfurt və Londonda da filialları fəaliyyət göstərir.