AZ

İtaliya Aİ-dən Ebolaya qarşı sərhəd təhlükəsizliyində gücləndirilmiş koordinasiya tələb etdi

İtaliya Aİ-dən Ebolaya qarşı sərhəd təhlükəsizliyində gücləndirilmiş koordinasiya tələb etdi

İtaliyanın Baş naziri Ciorcia Meloni Afrikadakı Ebola epidemiyasına qarşı qabaqlayıcı tədbir olaraq Avropa İttifaqı (Aİ) liderlərinə sərhəd təhlükəsizliyinin gücləndirilməsini tələb edən məktub ünvanlayıb.

AFN.az xəbər verir ki, İtaliya Baş nazirliyindən verilən açıqlamada Konqo Demokratik Respublikası (KDR) və Uqandadakı son "Bundibugyo" Ebola virusu (BVD) epidemiyası ilə əlaqədar Mərkəzi Afrikadakı epidemioloji vəziyyətin maksimum diqqət tələb etdiyi, Baş nazir Meloninin Aİ Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ-yə sədrlik edən ölkəyə məktub göndərdiyi qeyd olunub.

Açıqlamada məktubun məqsədinin milli sağlamlığın qorunması prioritetlərinə hörmət çərçivəsində epidemiyadan zərər çəkmiş bölgələrdən birbaşa və dolayısı ilə gələnlərin idarə olunması üçün ortaq qaydalar vasitəsilə sərhəd nəzarətində daha güclü bir koordinasiyanın təmin edilməsini təşviq etmək olduğu ifadə edilib.

Baş nazir Meloni sərhəd idarəçiliyi məsələsinin 18-19 iyun 2026-cı il tarixlərində keçiriləcək Avropa Şurasının gündəliyinə daxil edilməsini təklif edib.

Sənəddə bu toplantıdan əvvəl İtaliya hökumətinin sözügedən koordinasiyanın operativ prioritetlərinin müəyyənləşdirilməsi üçün gələn həftə keçiriləcək Səhiyyə Nazirlərinin Video-konfransı ilə iyunun 16-dakı Aİ-nin Məşğulluq, Sosial Siyasət, Səhiyyə və İstehlakçı İşləri Şurasının (EPSCO) iclasının daha erkən tarixə çəkilməsini tələb etdiyi bildirilib.

Açıqlamada həmçinin İtaliyada milli səviyyədə Səhiyyə Nazirliyinin Mülki Müdafiə xidməti ilə koordinasiyalı şəkildə epidemiyadan təsirlənən bölgələrdən qayıdan sərnişinlər üçün məqsədli tibbi nəzarət və yoxlama protokollarını işə salan sərəncamlar dərc etdiyi qeyd edilib.

Bununla yanaşı, İtaliyanın KDR-in paytaxtı Kinşasaya Romadakı Spallanzani İnstitutundan mütəxəssis qrupu göndərərək texniki dəstək göstərəcəyi, tibbi ləvazimatlar və dərman preparatları tədarük edəcəyi vurğulanıb.

Digər tərəfdən, İtaliya mətbuatında yer alan xəbərlərə görə, KDR-də Ebola xəstəsi olan bir uşağı əməliyyat edən "Sərhədsiz Həkimlər" (MSF) qeyri-hökumət təşkilatının üzvü olan italyan həkim ilə ötən gün testi pozitiv çıxan bir qadın həkim də 21 günlük karantinə alınıb.

Qeyd edək ki, Ebola epidemiyası KDR-də yenidən baş qaldırıb.

Ölkənin şərqindəki İturi əyalətində bəyan edilən 246 şübhəli yoluxma və 65 ölüm halından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan olunmuşdu.

Ümumdünya Səhiyyə Təşkilatı isə mayın 17-də Ebola epidemiyası səbəbindən beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, mövcud epidemiya nadir bir Ebola variantı olan "Bundibugyo" virusundan qaynaqlanır və onun hələlik təsdiqlənmiş müalicəsi və ya pevəndi mövcud deyil.

Bir növ qanlı qızdırmaya yol açan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-in Yambuku şəhərlərində eyni vaxtda yayılan epidemiyalarla ortaya çıxıb.

KDR-dəki epidemiya Ebola çayı yaxınlığındakı bir kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilib.

Daha sonra Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada geniş yayılıb.

Qvineya, Liberiya və Syerra-Leonedə 2014-2017-ci illərdə qeydə alınan epidemiyada 30 min nəfər virusa yoluxub və xəstələrdən 11 mindən çoxu həyatını itirib.

Seçilən
41
afn.az

1Mənbələr