AZ

Ermənistan kritik yol ayrıcında: Rusiya iqtisadi təzyiq kartını işə salıb

“Ermənistan hazırda olduqca çətin və strateji seçim qarşısındadır. Rusiya 30 may tarixindən etibarən Ermənistandan meyvə-tərəvəz idxalına məhdudiyyətlər tətbiq etdiyini, həmçinin Rusiya bazarında satılan Ermənistan istehsalı mineral suların dövriyyəsinin dayandırıldığını açıqlayıb. Bununla yanaşı, Moskva Ermənistana verilən güzəştli qaz qiymətlərinin də ləğv oluna biləcəyi barədə siqnallar verir”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib. Deputat Rusiya rəsmilərinin bəyanatlarına diqqət çəkərək deyib: “Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, əgər Ermənistan Avrasiya İqtisadi Birliyindən uzaqlaşaraq Avropa İttifaqına inteqrasiya kursunu seçərsə, bu addım ölkə iqtisadiyyatı üçün ciddi nəticələr doğura bilər.

Faktiki olaraq, Kreml İrəvana geosiyasi seçim etməli olduğunu mesajını verir. Bu proseslərin 7 iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində gündəmə gətirilməsi isə təsadüfi görünmür. Rusiya iqtisadi təzyiq alətlərindən istifadə etməklə Ermənistan seçicilərinə mesaj göndərməyə və onların seçimlərinə təsir göstərməyə çalışır. Məqsəd cəmiyyətdə “Rusiya ilə münasibətlərin pozulmasının iqtisadi nəticələri” ilə bağlı narahatlığı artırmaqdır”.

A.Badamovun fikrincə, baş nazir Nikol Paşinyan geri çəkilmədən seçkiqabağı təşviqat kampaniyasını davam etdirir və rəqiblərinə qarşı kifayət qədər sərt mesajlar səsləndirir: “Görünən odur ki, qarşıdakı seçki prosesi kifayət qədər gərgin və prinsipial mübarizə şəraitində keçəcək. Seçkilərin nəticəsi yalnız Ermənistanın daxili siyasi gələcəyinə deyil, həm də Rusiya–Ermənistan münasibətlərinin istiqamətinə ciddi təsir göstərə bilər.

Mövcud vəziyyət göstərir ki, iki ölkə arasında artıq müəyyən etimad böhranı formalaşıb. Hətta Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmasa belə, hazırkı gərginliyin ikitərəfli münasibətlərdə dərin iz buraxacağı ehtimalı böyükdür. Bu səbəbdən də Rusiya–Ermənistan münasibətlərinin yaxın perspektivdə əvvəlki səviyyəyə qayıtması real görünmür”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən AİB sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, əgər Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxaraq Avropa İttifaqı standartlarına keçidi seçərsə, Moskva inteqrasiya prosesləri çərçivəsində Ermənistanla iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa məcbur qalacaq.

Nigar Həsənli
Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr