BAKI, 30 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin onun şərəfinə adlandırılmasını qanunsuz sayan məhkəmə qərarına sərt reaksiya verib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bildirib ki, administrasiya mədəniyyət mərkəzini təmir edərək onu dünyanın ən yaxşı teatr kompleksinə çevirmək niyyətində idi. Lakin onun sözlərinə görə, "Barak Obama tərəfindən təyin olunmuş hakim" ad dəyişikliyini qanunsuz hesab edib.
Tramp buna cavab olaraq müəssisənin idarəçiliyinin ABŞ Konqresinə verilməsi barədə göstəriş verdiyini açıqlayıb.
"Mən Ticarət Nazirliyinə Konqreslə əməkdaşlıq şəraitində bu müəssisənin tam və hərtərəfli şəkildə Konqresin yurisdiksiyasına keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini tapşırdım. Beləliklə, onun fəaliyyəti, texniki xidməti və idarə olunmasına görə məsuliyyət Konqresin üzərinə düşəcək", - deyə Tramp yazıb.
Qeyd edək ki, bundan əvvəl federal məhkəmə Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin Donald Trampın adı ilə birlikdə yenidən adlandırılması barədə qərarı qanunsuz hesab etmişdi.
Xatırladaq ki, ABŞ prezidenti yaxın günlərdə Florida ştatında onun şərəfinə adlandırılan bulvarın açılış mərasimində də iştirak edib.