ABŞ Kosmik Qüvvələri "SpaceX" şirkəti ilə 4,16 milyard dollar dəyərində müqavilə bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müqavilə hava hədəflərinin kosmosdan izlənməsi və müşayiəti üçün nəzərdə tutulan peyk qrupunun yaradılması məqsədilə bağlanıb.
Yeni peyk sistemi Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin iştirakı ilə həyata keçirilən "Kosmik Bazalı Hava Hərəkətli Hədəf Göstəricisi" proqramı çərçivəsində formalaşdırılacaq. Orbital aparat qrupu mövcud hava müşahidə imkanlarını tamamlayacaq və indiyədək yerüstü radar sistemləri, eləcə də uzaq məsafədən radiolokasiya aşkarlama təyyarələrinin yerinə yetirdiyi bir sıra funksiyaları icra edəcək.
"SpaceX" peyklərin orbitə çıxarılmasını 2028-ci ilə qədər başa çatdırmalıdır.