AZ

ABŞ Livana gərginliyin azaldılması üçün şərt irəli sürüb

BAKI, 30 may. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aunla telefon danışığında bölgədə gərginliyin azaldılması üçün "Hizbullah" hərəkatının İsrailə qarşı hücumları dayandırmasının vacibliyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yazılı açıqlamasında deyilir.

Açıqlamaya görə, Rubio Livan hakimiyyətinin İsraillə birbaşa danışıqlar aparmaq istəyini müsbət qiymətləndirib və qeyd edib ki, "Hizbullah" bu prosesə mane olmağa çalışır.

"Rubio bir daha vurğulayıb ki, döyüş əməliyyatlarının davam etməsinə görə bütün məsuliyyət "Hizbullah"ın üzərinə düşür və deeskalasiya üçün təşkilatın hücum və təxribatlarına dərhal son qoyulmalıdır", - deyə Piqott bildirib.

Dövlət katibi həmçinin ABŞ-nin Livan hökumətinin sülhün təmin edilməsi, ölkənin bərpası və vətəndaşları üçün daha yaxşı gələcəyin qurulması istiqamətindəki səylərini tam dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, aprelin 17-dən etibarən "Hizbullah" və İsrail arasında formal atəşkəs rejimi qüvvədə olsa da, tərəflər Livan-İsrail sərhədi boyunca yerləşən bölgələrdə qarşılıqlı zərbələr endirməkdə davam edirlər.

Mayın 25-də İsrailin Baş naziri Benyamin Netanyahu ölkə ərazisinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artdığını əsas gətirərək "Hizbullah"ın mövqelərinə zərbələrin gücləndirilməsi barədə göstəriş verdiyini açıqlamışdı.

Seçilən
36
teleqraf.com

1Mənbələr