AZ

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Qəbələ, Oğuz, 30 may, AZƏRTAC

Dünən axşam saatlarında şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb, əsasən Qəbələ və Oğuz rayonlarında güclü küləklə müşayiət olunan leysan yağıb, dolu düşüb.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yağan dolu, leysan yağışları və əsən güclü küllək nəticəsində bir sıra yaşayış məntəqələrində irigövdəli ağaclar aşıb, elektrik enerjisi təssərrüfatına ziyan dəyib. Baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə aidiyyəti qurumlar axşamdan hadisə yerinə cəlb olunub. Aşan ağaclar təmizlənərək ərazidən götürülüb, elektrik naqillərinin bərpası istiqamətində iş aparılır.

Rayon ərazisindən axan çaylarda sululuq artsa da, müvafiq idarələrin texnika və maşınları əraziləri nəzarətdə saxlayır. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir.

Oğuz rayon Fövqəladə Hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, güclü küləklə müşayiət olaunan leysan yağışları və doludan sonra Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrliyində ağacın yola aşmasından sonra dərhal əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Rayonun müvafiq idarələrinin əməkdaşları irigövdəli ağacın yola aşan hissəsini qısa müddətdə təmizləyərək ərazidə təmizlik yaradıblar.

Güclü külək bir neçə istiqamətdə elektrik naqillərinin qırılmasına səbəb olsa da, problem aradan qaldırılıb. Hazırda Söyüdlü kəndi istiqamətində elektrik naqillərin bərpası istiqamətində iş aparılır.

Müxbir - Rasim İslamoğlu

Seçilən
45
3
azertag.az

4Mənbələr