AZ

İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir"

"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir.

Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramı bu sahədə yeni imkanları yalnız istehsalın artırılması ilə məhdudlaşdırmır: "Əsas məsələ meyvə-tərəvəz sektorunu bütöv dəyər zənciri üzrə inkişaf etdirməkdir. Yəni istehsal, saxlanma, çeşidləmə, qablaşdırma, emal, logistika, sertifikatlaşdırma və ixrac bir sistem kimi qurulmalıdır. Proqramda intensiv meyvə bağlarının sahəsinin 70 min hektara çatdırılması, istixana komplekslərinin 1 500 hektardan 2 000 hektara yüksəldilməsi, soyuducu anbar tutumlarının 400 min tondan 500 min tona çatdırılması kimi hədəflər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Fikrimizcə, meyvə-tərəvəz sektorunda əsas strateji məsələ artıq "nə qədər məhsul istehsal edirik?" sualından daha çox "istehsal etdiyimiz məhsuldan nə qədər əlavə dəyər yaradırıq?" sualına keçiddir. Çünki məhsulun tarladan birbaşa satışa çıxarılması ilə onun saxlanması, qablaşdırılması, emalı və brend məhsul kimi ixracı arasında ciddi iqtisadi fərq var. Yeni proqram bu fərqi azaltmaq və fermerin gəlirini artırmaq baxımından mühüm imkanlar yaradır".

Şöbə müdirinin müavini qeyd edib ki, Proqramın əsas fəlsəfəsi aqrar sahədə ekstensiv artımdan intensiv artıma keçidi sürətləndirməkdir: "Yəni, məqsəd yalnız əkin sahələrini genişləndirmək deyil, mövcud torpaq, su, əmək və maliyyə resurslarından daha səmərəli istifadə etməklə daha çox və daha keyfiyyətli məhsul istehsal etməkdir. 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14 milyard 189,5 milyon manat təşkil edib. Bunun 6 milyard 748,5 milyon manatı bitkiçilik, 7 milyard 441 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb. Kənd təsərrüfatı istehsalı 2024-cü illə müqayisədə 0,9 %, o cümlədən bitkiçilik məhsulları üzrə 1,5 %, heyvandarlıq məhsulları üzrə isə 0,3 % artıb. Bu göstəricilər sektorun iqtisadi miqyasını göstərsə də, artım tempinin daha da yüksəldilməsi üçün məhsuldarlıq əsas amil kimi çıxış edir. Bu baxımdan Proqramda konkret hədəflərin müəyyən edilməsi çox vacibdir. Məsələn, ixtisaslaşmış rayonlar üzrə buğdanın məhsuldarlığının 40,3 sentnerdən təxminən 50 sentnerə, pambığın məhsuldarlığının 36,1 sentnerdən 50 sentnerə çatdırılması nəzərdə tutulur. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin 130 min hektardan 300 min hektara yüksəldilməsi də məhsuldarlıq artımının əsas mənbələrindən biridir".

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi baxımından buğda məsələsi xüsusilə vacibdir: "Hazırda ölkənin buğda ilə özünütəminetmə səviyyəsi təxminən 55 %-dir. Daxili istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min ton səviyyəsindədir. Təbii ki, Azərbaycanın torpaq və su resursları nəzərə alınmaqla buğda üzrə 100 %-lik təminat hədəfi real və iqtisadi baxımdan optimal olmaya bilər. Amma 55 % səviyyəsində qalmaq da qənaətbəxş hesab edilə bilməz. Burada əsas yol məhsuldarlığın artırılması, keyfiyyətli toxumdan istifadə, iri təsərrüfat modellərinin səmərəliliyinin yüksəldilməsi və suvarma imkanlarının genişləndirilməsidir. İxrac baxımından da proqram mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının 2025-ci ildəki 1,5 milyard ABŞ dolları səviyyəsindən 2026–2030-cu illər üzrə 6 milyard ABŞ dollarına qədər genişləndirilməsi nəzərdə tutulur. Bu, yalnız daha çox məhsul ixrac etmək demək deyil; həm də daha emal olunmuş, daha standartlaşdırılmış və daha yüksək əlavə dəyərli məhsullarla xarici bazarlara çıxmaq deməkdir".

Ə.Dadaşovun fikrincə, müasir kənd təsərrüfatı texnologiyasız inkişaf edə bilməz: "Əvvəlki mərhələlərdə əsas məsələ əkin sahələrinin genişləndirilməsi və istehsalın bərpası idisə, indiki mərhələdə əsas inkişaf mənbəyi texnologiya, innovasiya, rəqəmsallaşma və data əsaslı qərarvermədir. Azərbaycanda son illərdə bu istiqamətdə mühüm addımlar atılıb. "Elektron kənd təsərrüfatı" informasiya sisteminin (EKTİS) tətbiqi, subsidiyaların rəqəmsallaşdırılması, aqrar sığorta mexanizminin formalaşdırılması, aqroparkların yaradılması, müasir suvarma sistemlərinin genişləndirilməsi, aqrodronlar, sensor sistemləri, ağıllı istixanalar və dəqiq əkinçilik yanaşmaları artıq aqrar sahədə yeni idarəetmə mədəniyyəti formalaşdırır. Texnologiya yalnız məhsuldarlığı artıran alət deyil, həm də aqrar siyasətin keyfiyyətini dəyişən mexanizmdir. Məsələn, torpaq sahələrinin aqrokimyəvi göstəricilər əsasında xəritələşdirilməsi, əkin sahələrinin "pasportlaşdırılması", peyk məlumatları və süni intellekt əsaslı qərarvermə fermerə konkret sahədə hansı məhsulun daha səmərəli yetişdirilə biləcəyini göstərə bilər. Bu isə həm fermerin gəlirini artırır, həm də dövlət dəstəyinin daha hədəfli olmasına şərait yaradır. Dövlət Proqramında rəqəmsal xidmətlər vasitəsilə göstərilən aqrar dövlət dəstəyi xidmətlərinin payının 55 %-dən 100 %-ə çatdırılması nəzərdə tutulur. Bu, çox ciddi hədəfdir. Eyni zamanda, süni intellekt həllərinin genişləndirilməsi, EKTİS-in funksional imkanlarının artırılması və aqrar sahədə data əsaslı idarəetmə sistemlərinin gücləndirilməsi planlaşdırılır. Hesab edirik ki, texnologiyaların tətbiqi 3 əsas nəticə verəcək. Birinci, məhsuldarlıq artacaq. İkinci, torpaq, su resurslarından daha səmərəli istifadə olunacaq. Üçüncü, dövlət dəstəyi, subsidiya, sığorta, kredit mexanizmləri daha dəqiq məlumatlar əsasında qurulacaq. Bu isə aqrar sektorun həm iqtisadi səmərəliliyini, həm də şəffaflığını artıracaq".

O əlavə edib ki, aqrar sahədə əlavə dəyərin artırılması üçün ən mühüm istiqamətlərdən biri emal sənayesinin genişləndirilməsidir: "Kənd təsərrüfatı məhsulu xammal kimi satıldıqda gəlir məhdud olur. Həmin məhsul emal edildikdə, qablaşdırıldıqda, standartlaşdırıldıqda, brendləşdirildikdə və ixrac bazarlarına çıxarıldıqda onun iqtisadi dəyəri xeyli artır. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə pambıqçılıqla bağlı vurğuladığı məqam bu baxımdan çox önəmlidir. Məqsəd yalnız pambıq və mahlıc ixrac etmək deyil, iplik, parça və hazır məhsul istehsalını genişləndirməkdir. Bu yanaşma təkcə pambıqçılıq üçün deyil, bütövlükdə aqrar sektor üçün keçərlidir. Dövlət Proqramında pambıq emalı sənayesinin inkişaf etdirilməsi, bitki yağı istehsalı klasterinin formalaşdırılması, şərab istehsalının təşviqi, meyvə-tərəvəz məhsullarının emalı, süd və ət emalı sahələrinin inkişafı, gön-dəri və yun xammalının emala yönəldilməsi kimi istiqamətlər nəzərdə tutulur. Bu, aqrar sektorla sənaye arasında daha sıx inteqrasiyanın formalaşması deməkdir".

Ə.Dadaşovun sözlərinə görə, aqrar-emal sənayesinin inkişafı regionlarda yeni iş yerləri yaradacaq: "Ölkədə 400 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılıb və bu göstəricinin 500 min tona çatdırılması hədəflənir. Taxıl silolarının həcminin 1 milyon 900 min tondan 2 milyon 50 min tona çatdırılması da nəzərdə tutulur. Bu infrastruktur emal sənayesinin dayanıqlı xammal təminatı üçün vacibdir. Çünki emal müəssisəsi yalnız məhsul mövcud olanda deyil, ilboyu sabit təchizat olduqda səmərəli işləyə bilir. Fikrimizcə, aqrar-emal sənayesinin inkişafı dörd istiqamətdə təsir yaradacaq. Birinci, fermerin məhsulu üçün daha sabit satış kanalı yaranacaq. İkinci, regionlarda yeni emal müəssisələri və iş yerləri formalaşacaq. Üçüncü, ixracda xammal deyil, daha yüksək dəyərli məhsulların payı artacaq. Dördüncü, qeyri-neft sənayesinin inkişafı dəstəklənəcək. Bu baxımdan emal sənayesi aqrar sektorun gələcək rəqabətqabiliyyətliliyinin əsas dayaqlarından biridir".

O həmçinin deyib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları son illərdə genişlənib: "2025-ci ildə kənd təsərrüfatı məhsullarının ixracının 1 milyard 108,9 milyon ABŞ dollarına çatması və 18,5 % artması bu sahədə müsbət dinamikanı göstərir. Pomidor, fındıq ləpəsi, mahlıc, xurma və alma kimi məhsulların ixracda ön sıralarda olması Azərbaycanın aqrar ixrac üzrə müəyyən ixtisaslaşmış üstünlüklərə malik olduğunu təsdiqləyir. Lakin qarşıdakı mərhələdə əsas məsələ yalnız ixrac həcmini artırmaq deyil. Daha vacib məsələ ixracın strukturunu yaxşılaşdırmaq, bazar coğrafiyasını genişləndirmək, emal olunmuş məhsulların payını artırmaq və Azərbaycan məhsullarının xarici bazarlarda tanınmasını gücləndirməkdir.

O həmçinin loqistika zəncirinin və beynəlxalq standartların təmin olunmasının ixracın dayanıqlığı üçün həlledici rol oynadığını bildirib: "İxracın dayanıqlılığı üç əsas amildən asılıdır: məhsulun keyfiyyəti, logistika imkanları və bazar tələbinə uyğunlaşma. Əgər fermer keyfiyyətli məhsul istehsal edir, lakin onu vaxtında saxlaya, qablaşdıra, sertifikatlaşdıra və bazara çıxara bilmirsə, ixrac potensialı tam reallaşmır. Buna görə də Dövlət Proqramında soyuducu anbarların genişləndirilməsi, taxıl silolarının artırılması, südtoplama məntəqələrinin və logistika infrastrukturunun inkişafı, ixracyönümlü aqrobizneslər üçün ünvanlı dəstək mexanizmlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Xarici bazarlara çıxış baxımından sertifikatlaşdırma və brendləşmə də mühüm rol oynayır. Qlobal və regional bazarlarda məhsulun qəbul edilməsi üçün beynəlxalq standartlara uyğunluq, qida təhlükəsizliyi, keyfiyyət sertifikatları və məhsulun tanınması vacibdir. Dövlət Proqramında hər il azı 2 istehsalçının qlobal bazarlarda qəbul edilən sertifikat almasının dəstəklənməsi, yerli aqrar məhsulların brendləşdirilməsi və qeyri-ənənəvi bazarlara ixracın artırılması nəzərdə tutulur. Burada siyasi-iqtisadi kontekst də xüsusi əhəmiyyət daşıyır. Qlobal ərzaq bazarlarında qeyri-müəyyənliyin artdığı, ölkələrin ərzaq təhlükəsizliyinə daha həssas yanaşdığı bir dövrdə etibarlı təchizatçı imici böyük üstünlükdür. Azərbaycan həm coğrafi mövqeyi, həm logistika imkanları, həm də regionda sabit tərəfdaş kimi reputasiyası ilə aqrar məhsulların ixracı baxımından yeni imkanlar əldə edə bilər".

Ə.Dadaşovun sözlərinə görə, aqrar sektorun inkişafı həm də regionlarda məşğulluğun və kənd yerlərində sahibkarlığın genişləndirilməsi üçün olduqca vacibdir: "Azərbaycanda əhalinin 45,6 %-nin kənd yerlərində yaşaması, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın ümumi məşğulluqda 35 % paya malik olması bu sahənin sosial-iqtisadi rolunu daha da artırır. Dövlət Proqramının regionlara əsas töhfəsi ondan ibarət olacaq ki, kənd təsərrüfatında yalnız ilkin istehsal deyil, emal, logistika, xidmət, texnika, sığorta, maliyyə, məsləhət və rəqəmsal həllər üzrə də yeni iqtisadi fəaliyyət imkanları genişlənəcək. Bu isə kənd yerlərində daha çox sahibkarlıq subyektinin yaranmasına, ailə təsərrüfatlarının bazar yönümlü fəaliyyətə keçməsinə və gənclərin kənd yerlərində iqtisadi perspektiv görməsinə şərait yarada bilər. Burada investisiya komponenti də vacibdir. Müşavirədə qeyd olunduğu kimi, proqram çərçivəsində dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq vəsait tələb oluna bilər. Bu, aqrar sektorun qarşıdakı illərdə həm dövlət siyasəti, həm də sahibkarlıq fəaliyyəti üçün geniş investisiya platformasına çevriləcəyini göstərir".

O, aqrar sığorta, risk idarəçiliyi və insan kapitalının gücləndirilməsi üzrə Dövlət Proqramında əksini tapan konkret sosial-iqtisadi hədəfləri qeyd edib: "Regionlarda məşğulluğun dayanıqlı olması üçün fermer yalnız məhsul istehsal edən şəxs kimi deyil, dəyər zəncirinin iştirakçısı kimi formalaşmalıdır. Əgər fermerin maliyyəyə, sığortaya, texnologiyaya, məsləhət xidmətinə, emal müəssisəsinə, anbara və bazara çıxışı varsa, onun gəlir imkanları da artır. Bu, kənddən şəhərə miqrasiya təzyiqinin azalmasına, regionlarda sahibkarlıq mühitinin canlanmasına və kənd yerlərində sosial rifahın yüksəlməsinə töhfə verə bilər. Proqram çərçivəsində aqrar sığorta xidmətləri ilə təmin edilən sahələrin 386 min hektardan azı 1 milyon hektara çatdırılması, sığorta xidmətləri ilə təmin edilən heyvanların sayının 6,9 min başdan təxminən 100 min başa yüksəldilməsi, aqrar ixtisaslar üzrə ikili diplom proqramları ilə məzun olanların sayının azı 500 nəfərə çatdırılması da regionlarda insan kapitalının, risk idarəçiliyinin və sahibkarlıq dayanıqlığının gücləndirilməsi baxımından mühüm hədəflərdir".

"Azərbaycanda aqrar-emal sənayesi və ixrac potensialı yeni mərhələyə qədəm qoyur. Ölkədə meyvə-tərəvəz istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, yüksək ixrac potensialına malikdir. Meyvə-tərəvəz sektoru Azərbaycanın aqrar sahəsində həm daxili bazarın təminatı, həm də qeyri-neft ixracının genişləndirilməsi baxımından ən perspektivli istiqamətlərdən biridir. Bu sahə artıq müəyyən mənada özünü doğruldub. Məsələn, ölkədə tərəvəz üzrə özünütəminetmə səviyyəsi 107 %, bostan məhsulları üzrə 104 %, meyvə-giləmeyvə üzrə isə 140 % səviyyəsindədir. Bu, onu göstərir ki, Azərbaycan meyvə-tərəvəz istehsalında yalnız daxili tələbatı ödəmək imkanına malik deyil, həm də ixrac potensialı olan ölkələr sırasındadır", - deyə ekspert əlavə edib.

Seçilən
29
far.az

1Mənbələr