AZ

Mirzə Ələkbər Sabirin doğum günüdür - FOTO

Mayın 30-u Azərbaycan şairi, satirik, mütəfəkkir, ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günüdür.

AzNews.az xatırladır ki, Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ildə Şamaxıda anadan olub. Atası kiçik sahibkar olub və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoyub.

Mirzə

Sabir 12 yaşına qədər mədrəsədə oxuyub, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində - maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni məktəbində oxuyub. Müəllimi Seyid Əzim Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı, orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçası olub. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayıb:

"Gördüm neçə dəstə tazə güllər,

Bağlanmış idi giyah ilən tər".

Daha sonra atası Ələkbəri təhsildən ayırıb, öz dükanında köməkçi işlədib. Bununla belə, Ələkbər yenə də oxuyub-yazmağına davam edib. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox, oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıb.

Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedib. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və Xorasan şəhərlərini gəzib. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb, tanış olub.

Mirzə

(Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və Əbdürrəhman Tofiq Əfəndizadə)

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənib. On beş il ərzində onun səkkiz qızı, bir oğlu dünyaya gəlib. Amma ailəsi zəlzələ nəticəsində vəfat edib. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olub.

1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılıb.

Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda cümə məscidinin baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində olub. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlib.

XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmayıb. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət o zaman Sabirə mənəvi cəhətdən böyük kömək edib. Onlar Şamaxının ozamankı ziyalılarından Ağəli bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub, təhlil və müzakirə ediblər.

XX əsrin əvvəlindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünüb. 1903-cü ildə "Şərqi-rus" qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirib. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri olub. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yaranıb.

Seçilən
33
1
aznews.az

2Mənbələr