PSJ-nin futbolçusu Usman Dembele UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı keçiriləcək final oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən fransalı hücumçu matça hazır olduqlarını bildirib:
"Hər məqamdan maksimum yararlanırıq və tamamilə oyuna köklənmişik. Kuboklar qazanmaq istəyən gənc komandamız var. Titulların hamısına sahib çıxmaq niyyətindəyik. Biz iddialı rəqibik. Əgər böyük olmaq istəyiriksə, titullar qazanmalıyıq.
"Arsenal" çox yaxşı komandadır. Bunu onların Premyer Liqadakı və bu turnirdəki qələbələrindən də gördük. Onlar burada olmağa layiqdirlər, İngiltərə çempionu olublar. London klubu gözəl futbol oynayan, həm hücumda, həm də müdafiədə güclü olan və standart vəziyyətlərdə çox təhlükəli təsir bağışlayan bir komandadır. Mikel Arteta möhtəşəm iş görüb.
Hər zaman bu finalda oynamaq istəyirik. Keçən il hamımız xoşbəxt idik. PSJ üçün tarixi bir gecə idi. Böyük ambisiyaları olan gənc komandamız var. Amma əldə olunanlarla kifayətlənmək istəmirik. Final görüşü tarixi bir an ola bilər. Güclü komanda ilə qarşılaşmada diqqətimizi tam qoruyacağıq.
Finalı qaçıracağımdan qorxmurdum. Hazırlaşmaq üçün 10-15 günüm var idi. Məşqçilər heyəti mövsümə hazırlıq işinin öhdəsindən çox yaxşı gəldi. Özümü oyuna 100 faiz hazır hiss edirəm. Komanda hazırdır. Qarşılaşmaya sakit şəkildə hazırlaşmışıq. Ümid edirik ki, oyun yaxşı keçəcək.
Hesab edirəm ki, Luis Enrike karyeram boyu işlədiyim ən yaxşı məşqçilərdən biridir. O, həm toplu, həm də topsuz oyunda çıxışımı təkmilləşdirməyə çox kömək etdi. Yaşlaşdıqca daha çox təcrübə qazanıram. Üstəlik, ətrafımda inanılmaz oyunçular var, bu da öz növbəsində kömək edir.
Bu finalın ətrafındakı ajiotaj və həyacan böyükdür. Bütün azarkeşlərin burada olması bizə həqiqətən də güc verir. Onlar bizdən çox şey gözləyirlər. Ümid edirik ki, bu etimadı doğrulda biləcəyik".
Qeyd edək ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq PSJ - "Arssenal" qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi