AZ

​Kremlin İrəvana dekabr ultimatumu Avrasiya İttifaqı Ermənistanı küncə sıxışdırır

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində Ermənistan ətrafında yaranmış gərginlik pik həddə çatıb. 

"AzPolitika" xatırladır ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan rəhbərləri birgə bəyanat yayaraq, rəsmi İrəvana faktiki olaraq ultimatum göndəriblər. İttifaqın digər 4 üzvü Ermənistandan qısa müddətdə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirməyi və ya Aİİ-də qalıb-qalmayacağına dair yekun qərar verməyi tələb edir.

Astanada keçirilən Aİİ sammitində İrəvana açıq şəkildə xəbərdarlıq edilib ki, bu ilin dekabrında keçiriləcək növbəti sammitdə Ermənistanın təşkilatda qalması məsələsi rəsmən müzakirəyə çıxarılacaq. Avrasiya Hökumətlərarası Komissiyası isə Ermənistanın üzvlüyünün dayandırılmasının mümkün iqtisadi nəticələrinə dair xüsusi hesabat hazırlayır.

Təşkilatın nizamnaməsinə görə, hər hansı bir üzv dövləti öz iradəsi olmadan ittifaqdan xaric etmək hüquqi baxımdan mümkün deyil. Qaydalara əsasən, ölkə qurumdan yalnız öz istəyi ilə çıxa bilər. Lakin Rusiya və digər üzvlər İrəvanı tamamilə fərqli mexanizmlərlə – iqtisadi rıçaqlarla cəzalandırmağa başlayıblar.

Rusiya Prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Qırğızıstan Prezidenti Sadır Japarov iddia edirlər ki, Ermənistanın Avropaya inteqrasiya cəhdləri ittifaqın digər üzvləri üçün ciddi iqtisadi təhlükəsizlik riskləri yaradır.

Moskva artıq son həftələrdə Ermənistan iqtisadiyyatına ağır zərbələr vurmaqla məşğuldur. Rusiya bazarına daxil olan erməni məhsullarına qarşı süni əngəllər törədilir, gömrükdə əlavə yoxlamalar tətbiq olunur. "Rosselxoznadzor" artıq Ermənistandan gətirilən güllərin, tərəvəzlərin, məşhur "Cermuk" mineral sularının və bir neçə alkoqollu içki markasının Rusiyaya idxalına müvəqqəti qadağa qoyub. Bundan əlavə, Kreml Ermənistana satılan qazın qiymətini kəskin şəkildə artıraraq tam bazar qiymətlərinə keçəcəyi ilə hədələyir.

"Aİİ-nin pulları ilə Avropaya inteqrasiya edə bilməzsiniz!"

Astanadakı sammit çərçivəsində rəsmi iclasda Ermənistanın ünvanına birbaşa tənqid səslənməsə də, pərdəarxası kulislərdə gərginlik gizlədilməyib. Yalnız Belarus Prezidenti Aleksandr Lukaşenko eyhamlı şəkildə bildirib ki, Aİİ daxilində islahatlar sürətlənməlidir ki, üzv ölkələr başqa yerə getmək barədə düşünməsinlər: "Biz elə etməliyik ki, ittifaqın cəlbediciliyi sıfıra enməsin və heç kim haradasa buradakından daha yaxşı olduğunu ağlına belə gətirməsin".

Əsas zərbə isə Kremldən gəlib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Moskvanın əsl qəzəbinin səbəbini açıqlayıb. Peskov bəyan edib ki, Ermənistan Aİİ üzvü olan ölkələrin hesabına və onların pulları ilə Avropaya inteqrasiya prosesini həyata keçirə bilməz.

İrəvanın cavabı: "Hələlik iki stulda otururuq..."

Ermənistan hökuməti hələ ki dördlərin birgə bəyanatına rəsmi cavab verməyib. Astanadakı iclasda ölkəni təmsil edən Baş nazirin müavini Mher Qriqoryan İrəvanın ənənəvi mövqeyini təkrarlamaqla kifayətlənib: "Ermənistan Aİİ-dən çıxmaq niyyətində deyil və qarşılıqlı hörmət şəraitində, milli maraqları nəzərə almaqla ittifaqda vicdanla fəaliyyətini davam etdirəcək".

Ermənistan Baş naziri Nikol Paşinyan isə bu yaxınlarda referendum məsələsinə toxunaraq bildirmişdi ki, xalqın rəyinə yalnız "obyektiv zərurət" yarandıqda müraciət olunacaq. Paşinyan ölkəsinin həm Avropa ambisiyalarını, həm də Aİİ üzvlüyünü nə qədər uzada biləcəyi ilə bağlı suala kifayət qədər qeyri-müəyyən və ironik cavab verib:

"Bu siyasət bəlkə 2030-cu ilə qədər, bəlkə 2035-ci və ya 2040-cı ilə qədər bir-birinə uyğun gələcək... Bəlkə də bu uyğunluq elə 2026-cı ilin dekabrına qədər çəkəcək. Bunu zaman göstərəcək. Bu, bizim suveren qərarımızdır. Planlarımızda heç nə dəyişməyib".

Xatırladaq ki, Ermənistan artıq 12 ildir - yarandığı ilk gündən Aİİ-nin üzvüdür və ölkə iqtisadiyyatı tamamilə Rusiya bazarından və ucuz enerji resurslarından asılı vəziyyətdədir. Lakin görünən odur ki, Kreml və müttəfiqləri Paşinyanın bu "geosiyasi manevrlərinə" daha dözmək fikrində deyillər və cari ilin dekabrı Ermənistan üçün ciddi sınaq dövrü olacaq.

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr