AZ

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” Böyük Qaladərəsi kəndindən reportaj

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şuşa, 30 may, AZƏRTAC

Şuşa rayonunun Böyük Qaladərəsi kəndi... Böyük Qayıdışın gerçəkləşdiyi ünvanlardan biri. Dağların qoynunda, zümrüd meşələrin əhatəsində yerləşən kənd aparılan bərpa-quruculuq işləri ilə daha da gözəlləşib, doğma sakinlərini qoynuna alaraq yenidən canlanıb.

AZƏRTAC-ın bölgə müxbiri Böyük Qaladərəsi kəndində olub, sakinlərin təəssüratlarını dinləyib. Müxbirimizin səfər qeydlərini təqdim edirik.

Kəndə qədəm qoyan hər kəs "Böyük Qaladərəsi" yazısını və bir az irəlidə ucalan üçrəngli Azərbaycan bayrağını qürurla seyr edir, aparılan abadlıq, təmir-bərpa işlərinin şahidi olur. Kənddə yeni sosial infrastruktur qurularkən sakinlərin rahatlığı üçün hər bir detal düşünülüb: transformator quraşdırılıb, yeni elektrik, qaz və içməli su xətləri çəkilib, kənddaxili yollar abadlaşdırılıb. Kənddə sakinlərin istirahəti üçün park salınıb, Bayraq Meydanı yaradılıb.

Beləliklə Böyük Qaladərəsi kəndində həyat yenidən canlanır, uzun illər köçkünlük həyatı yaşamış sakinlər isə doğma yurdlarında yeni səhifə açırlar. Birinci mərhələdə bərpa olunan evlərdə ilkin olaraq 14 ailə olmaqla, 64 nəfər məskunlaşıb. Uzun illərin həsrətindən sonra doğma torpaqlara qovuşmağın sevincini yaşayan sakinlər Böyük Qaladərəsinə qayıdışı həm də qürur kimi qiymətləndirirlər.

Kənddə evinin qarşısında bizi qarşılayan Şəfəq Cabbarova doğma yurduna qayıtmağın onun üçün həyatda ən böyük sevinc olduğunu bildirir. O, köçkünlük illərinin müxtəlif rayonlarda çətin keçdiyini, lakin Vətənə qovuşmağın bütün o illərin ağrısını unutdurduğunu deyir: “Buradan gedəndə 30 yaşım var idi, indi 64 yaşımda qayıtmışam. Bir övladla getmişdim, üç övlad, iki nəvəmlə geri dönmüşəm. Allah Prezidentimizi qorusun. Şəhidlərimizə rəhmət, qazilərə şəfa diləyirəm. Çox sevincliyik. Köçkünlük illərində Ağcabədidə, Beyləqanda, Qaradağda məskunlaşdıq, çox çətinliklər çəkdik. İndi isə Vətənə qovuşmuşuq. Çox gözəl hisdir. Allah həsrətində olanlara qismət eləsin. Hamı bizim kimi öz yurduna qovuşsun”.

Ailə başçısı Nurəddin Cabbarov isə həyətdə qonşuları ilə samovar çayı süfrəsi arxasında söhbət edərək bu qayıdışı sanki bir yuxu kimi təsvir edir. O, dövlətin dəstəyi və şəhidlərin qəhrəmanlığı sayəsində yenidən doğma yurduna dönməyin qürurunu yaşadığını, nəvələrinin artıq bu torpaqlarda böyüyəcəyini böyük sevinc hissi ilə qeyd edir: “Şükür bu günümüzə, Prezidentimizin, şəhidlərimizin, qazilərimizin sayəsində yenidən yurdumuza qayıtmışıq. Sanki yuxu görürük. Hər şey gözəldir. Sevinirəm ki, bu yaşımda yenidən doğma torpağıma qovuşmuşam. Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək, təhsil alacaqlar".

Beləliklə, Böyük Qaladərəsində artıq həyat öz axarına düşür. Görülən bərpa və quruculuq işləri bu dağ kəndinin simasını dəyişərək onu müasir və abad bir məskənə çevirir. İllərlə yurd həsrəti çəkən insanlar indi doğma torpaqlarda yeni ömür səhifələri açırlar. Şəfəq xanımın gözlərindəki dərin hüzur, Nurəddin dayının isə nəvələrinin gələcəyinə olan inamı bu torpaqlara həyatın əbədi qayıdışını daha aydın göstərir.

Müxbir – Tahir Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
azertag.az

2Mənbələr