AZ

Xalq artisti Səidə Quliyeva: "Üç il məni qəbul etmədi" - VİDEOMÜSAHİBƏ

"Seriallara getmirəm, çünki orada rejim yoxdur. Yəni nə səhəri var, nə gecəsi, ona görə də serial mənlik deyil. Mən rejimlə yaşayan insanam. Düzdür, Vaqif müəllimlə (rejissor Vaqif Mustafayevi nəzərdə tutur - red.) serialda işləmişəm, səhər-axşam çəkilişlərimiz olub, amma o vaxt tamam başqa atmosferdə yaşayırdım, uyğunlaşa bilirdim. Hazırda isə getmirəm. Hamıya da işlərində müvəffəqiyyət arzulayıram".
 
Moderator.az xəbər verir ki, bunu Oxu.az-a videomüsahibəsində Xalq artisti Səidə Quliyeva deyib.
 
Sözügedən müsahibəni təqdim edirik:

- Hazırda Səidə Quliyeva nə işlə məşğuldur?

- Hazırkı fəaliyyətim elə də çoxşaxəli deyil. Uzun illəridir həm kinoda, həm teatrda, həm televiziya tamaşalarında, həm xırda-xıra verilişlərdə fəaliyyətim olub. Hazırda Azərbaycan radiosunda "Bulaq" verilişini oxuyuram. Bilirsiniz ki, "Bulaq" 1969-cu ildən bu günə qədər "Azərbaycan radiosu"nda yayımlanır və düz 26 ildir ki, mən sərasər bu verilişi oxuyuram.

- Məhluqə xanımdan sonra...

- Bəli. Allah ona rəhmət eləsin. Ən gur fəaliyyətim "Bulaq"la bağlıdır. Hər həftə, ənənəyə sadiq olaraq çox böyük həvəslə gedirəm. Hazırda mənim tərəf müqabilim Səməd Yusifcanlıdır. Qaldı ki başqa işlərimə, dəvət kimdən gəlsə, dəyərləndirməyə çaılışıram.

- Uzun illərdir, Akademik Milli Dram Teatrında çalışırsınız, hazırda hansı tamaşalarda oynayırsınız?

- Artıq 48 ildir tamaşadayam. İki tamaşada oynayıram. "Xanuma" tamaşasında və Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tamaşasında. "Anamın kitabı" artıq az-az verilir, amma həddən çox oynamışıq o tamaşanı. 2008-ci ildən bu yana... Mən deyərdim ki, "Anamın kitabı" çox müasir tamaşadır. Orada hər cümlə bu günlə səsləşir. Ona görə də bu cür tamaşalar repertuarda olanda tamaşaçı gəlir, biz də böyük həvəslə oynayırıq.

- Səidə xanım, uzun illər sizi "Çiça" ("Yollar görüşəndə" tamaşasındakı "Çiçək" obrazı) kimi sevdik, sonra "İzzət Nəfisli" ("Bala-başa bəla" tamaşasında obraz) oldunuz. Sizcə bu obrazların hansı daha güclü idi?

- Əlbəttə ki, hər obraz mənim üçün sevimlidir. Amma "Çiça"dan qabaq mən "Reyhan" idim - "Atayevlər ailəsi"ndə. Bəzən tamaşaçılarım da deyir ki, ay Səidə xanım, necə dəyişmisiniz? Bəs necə olsun? 45 il bundan qabaq oynadığım tamaşadır. İnsan 45 ilə dəyişməz? Əlbəttə dəyişər (gülür). İstər oyun tərzim, istərsə də sənətə baxışım dəyişib. İlk rollarıma baxanda əvvəllər mənə xoş gəlmirdi, sonra oynadığım obrazlarla müqayisə edirdim, amma indi görürəm yox, onlar da yaxşıdır. Əziyyət çəkmişik. Çox gözəl tərəf-müqabillərim olub və onlar dəyərli sənətkarlar idi. Mən onlardan çox şey öyrənmişəm.

Bilirsiniz də mən incəsənət universitetində Adil İsgəndərovun tələbəsi olmuşam. Dörd il Adil İsgəndərovdan öyrəndik, gəldik Akademik Milli Dram Teatrının səhnəsinə...

- Amma Adil İsgəndərov sizi qəbul etmirdi əvvəldən...

- Bəli, üç il qəbul etmədi (gülür), amma dördüncü il etdi. Qəbul eləmirdi, çünki mən həddən artıq utancaq idim, gərgin idim, o deyənləri çox zaman həyata keçirə bilmirdim. Dördüncü kursda nəhayət ki, məni aktrisa kimi qəbul elədi (gülür). Onda mən S.S.Axundovun "Eşq və intiqam" və V.Şekspirin "12-ci gecə" əsərində oynayırdım. Tamamilə təzadlı obrazlar idi.

Görün, Adil müəllim nə qədər böyük sənətkar idi. Aktyoru elə yetişdirirdi ki, həm faciə oynaya bilsin, həm də komediya. Çünki aktyor hər mövzuda rol oynamağı bacarmalıdır. Onda maraqlı olur, rəngarənglik olur. Yoxsa eyni qəlibə gir, eyni şeyləri təkrar elə, o maraqlı gəlmir tamaşaçıya. Tamaşaçı həmişə yenilik görmək istəyir.

- Səidə Quliyevanı sevdirən televiziya olub. Bunu danmaq olmaz. Özünüzü teatr səhnəsində suda balıq kimi hiss edirsiniz, yoxsa kamera qarşısında?

- Kinoda da olmuşam. Əslində, bilirsiniz, bu sənəti bölməyə mənim ixtiyarım çatmır. Ona görə ki, sənət sənətdir, fərqi yoxdur - səhnə olsun, kino olsun, televiziya olsun, istər radioda mikrofon qarşısı olsun. Mən həmişə bunları incəsənətin qollarına bölürəm. Burada dublyaj da var, çünki uzun müddət dublyajla da məşğul olmuşam. Yəni bu, aktyorun yaradıcılığının çoxşaxəli olmasının sübutudur. Aktyor onda aktyordur.

- Səidə xanım, sənət aləmindəki qalmaqallardan necə uzaqda qala bilmisiniz? Yəqin bunun bir sirri var.

- Yox, heç bir sirri yoxdur. Ümumiyyətlə, mən qalmaqalı heç vaxt sevməmişəm. Çalışmışam ki, hər şey yerli-yerində olsun. Nə bilim, mən insanlara çox mədəni yanaşıram. Qalmaqal edən aktyorlar məndən inciməsinlər, hər halda qalmaqala da bir səbəb var. Ola bilsin o qalmaqal mənim də başıma gələ bilər. Sadəcə mənim insanlara münasibətim həmişə çox gözəl olub. Aktyorlarımızı çox sevirəm, çünki onlarla çörək kəsmişik, qastrollarda olmuşuq, xoş söz demişik, xoş söz eşitmişik. Çox istəyirəm ki, insanlar bir-birinin qəlbini qırmasınlar. Mən həmişə balansı saxlamağa çalışmışam. Yəqin ona görə qalmaqala düşməmişəm...

- Oynadığınız hansısa oyunu, yaxud yaratdığınız obrazı tənqid edən olanda reaksiyanız necə olur? Sizcə tənqid insana motivasiya verir, yoxsa onu ruhdan salır?

- Baxır kim tənqid edir. Əgər bu sənətin biliciləri, bu sənətə dəyər verən insanlar və mənim üçün də dəyərli, savadlı olan teatrşünas və ya kinoşünas nəsə bir söz deyirsə, aydın məsələdir ki, onunla ortaq məxrəc tapacağam. Bu, mənim işimin xeyrinədir. O, mənim şəxsiyyətimi tənqid eləmir ki, yaratdığım obrazı tənqid edir. Teatra münasibəti düzgün olan insanların tənqidini çox bəyənirəm.

- Səidə xanım, sizcə bu gün şöhrət qazanmaq asanlaşıb, yoxsa sənətkar olmaq çətinləşib?

- Sənətkar olmaq çətinləşib. Şöhrət qazanmaq da çətindir. Bilirsiniz niyə? Baxır necə şöhrət qazanırsan. Bir var sabun köpüyünə bənzəyən şöhrət - o şöhrət bir gün, iki gün, uzağı bir ay çəkəcək sonra yaddan çıxacaq. Bir də var daimi şöhrət. Baxın, illər keçib amma biz hələ də Hökümə xanımı xatırlayırıq, Nəcibə xanımı, Məhluqə xanımı, Ətayə xanımı xatırlayırıq və bir gün biz həyatda olmadığımız halda bizi də xatırlayan olacaqsa, əsl şöhrət budur. Sabun köpüyünə bənzəyən şöhrət mənim nəyimə lazımdır? Bir də insanların, tamaşaçının qəlbinə yol tapmaq lazımdır, oynadığın obrazlarla, istedadınla, yaratdığın ətrafınla, dünyagörüşünlə.

Baxın, Rasim Balayevi biz bu yaxınlarda itirdik, Allah ona rəhmət eləsin. Mənə elə gəlir, hələ uzun illər Rasim Balayevin yeri görünəcək. O, həm şəxsiyyət idi, həm də aktyor. Onunla yol yoldaşı da olmuşam. Heç vaxt görmədim ki, bu adam özünü tərifləsin.

Dünən gələnlər heç nə etmədikləri halda mənəm-mənəm deyirlər. Bizim çox gözəl istedadlı aktyorlarımız olub. Oynadıqları obrazları yadda qalsa da, şəxsiyyətləri elə də yadda qalmayıb.

- Demək olar ki, bizim əksər korifeylərlə bir yerdə səhnədə olmusunuz. Məsələn, 1996-cı ildə çəkilən "Cəza" televiziya tamaşasını izlədim. Siz orada Fuad Poladovla tərəf-müqabili olmusunuz. Mənə elə gəlir ki, bu gün tamaşaların çoxunda o zövqü almaq olmur. Necə düşünürsünüz, bu gün tamaşaçıya o zövqün çatmamasında, bu boşluğun yaranmasında əsas səbəb nədir?

- Səbəblər çoxdur. Bilirsiniz, Fuad Poladovdur, Səməndər Rzayevdir, Kamal Xudaverdiyevdir, Həsənağa Turabovdur - bunlar korifeydirlər və getdilər - yəni dünyalarını dəyişdilər. Amma yaratdıqları obrazlar hələ də qalır və qalacaq. Deyir, hər aşığın bir dövranı var. Görünür onların dövranı başqa idi. Amma bu, o demək deyil ki, bu gün Azərbaycan səhnəsi istedadsız insanlarla doludur. Onların yerini verəcək demirəm, amma öz cığırlarını açan gənclər də olacaq. Buna bir az zaman lazımdır. Bilirsiniz, onlar sanki bir ağacın yarpaqları kimi idilər, xəzan vurdu, birdən töküldülər. Biz boşluğu onda hiss elədik. Məsələn, mən Yaşar Nuri kimi bir sənətkarla tərəf-müqabili idim, bu gün o yoxdur. Mən və mənim kimi aktyorlar da bu boşluğu çox hiss edirlər, amma bu yenə də o demək deyil ki, Azərbaycan səhnəsində böyük bir boşluq var.

- Səidə xanım, uzun illər ərzində müxtəlif rejissorlarla işləmisiniz. Rejissorla aktyor arasındakı münasibətdə əsas amil nədir?

- Gərək aktyor rejissoru sevə, rejissor da aktyoru sevə - rəmzi mənada yəni. Əgər mənim bir rejissordan xoşum gəlmirsə, o işdən səmərə gözləmək olmaz. Mütləq dil tapmaq lazımdır, hər mənada. Rejissoru gərək anlayasan. Mən rejissora qulaq asan aktrisayam. Rejissoru dinləyirəm, nə istədiyini başa düşürəm və sonradan öz bildiyimi, tapdığımı, bacarığımı onun üstünə qoyuram. Onda çox yaxşı yaradıcılıq birliyi, sənət vəhdəti əmələ gəlir.

Götürək bizim Ramiz Həsənoğlunu - bu yaxınlarda 80 illiyini qeyd etdik. Allah ona cansağlığı versin. Mən o insanla işləyəndə inanın, o qədər zövq alırdım. Böyük məmnuniyyətlə deyə bilərəm ki, Ramiz müəllim mənim rejissorumdur. Onunla 11 tamaşa işləmişəm teatrda. İkinci belə bir aktrisa yoxdur (gülür). Sonra Vaqif Mustafayev. Mən həmişə bu insanların adını çəkirəm. Niyə? Çünki mənim bu gün Səidə Quliyeva olmağımda bu insanların çox böyük əməyi var. Onların çəkdiyi filmlər, mənə tövsiyə etdikləri rollar və o cığıra məni salıb aparmaqları... Mən onlardan öyrənmişəm və bu gün də öyrənirəm.

İnsan nə qədər çox öyrənsə, ələlxüsus da aktyorlar, onun xeyrinədir. Nə bədgüman olmuşam, nə də özümdən razı olmuşam. Mən həmişə özümdən narazı olmuşam. Çəkinmişəm, qorxmuşam ki, tamaşaçı birdən mənim oyunumu bəyənməz. Mənim ən böyük sevgim tamaşaçılardır. Əgər bu gün doğrudan da onlara mədəni surətdə xidmət edə bilmişəmsə, bu, mənim fəxrimdir.

- Sizə elə gəlmirmi ki, bu gün bir çox tamaşalarda, aktyorlar tapşırılan rolları oynasalar da xarakter yarada bilmirlər. Bir aktyoru üç tamaşada izləyirsən və fərqli heç nə görmürsən. Bu gün səhnədəki bu "xaraktersizlik" nədən doğur?

- Çox düz deyirsiniz. Bunu bir tamaşaçı kimi mən də hiss edirəm. Hansı aktyor olursa olsun, onda rəngarənglik olmalıdır, obrazların arasında fərq olmalıdır. Əgər sən o obrazı yarada bilmirsənsə, çatdıra bilmirsənsə, oynama. Nə qədər yeknəsək obrazlara baxaq?

-İmprovizə ilə aranız necədir?

- Mən improvizə aktrisası deyiləm. Məndə o alınmır. İmprovizə edir Afaq xanım, Cahangir müəllim. Bizim o məşhur "Bala-başa bəla" tamaşasında onlar başdan-ayağa improvizə idilər. Bu, onlarda necə gözəl alınırdı, məndə alınmaz.

- "Bala-başa bəla" tamaşasını dediniz. Siz orada Cahangir müəllimlə, Afaq xanımla tərəf-müqabilisiniz. O da "İzzət Nəfisli", siz də "İzzət Nəfisli". Yəni o tamaşada heç bir improvizəniz yoxdur, hamısı rejissor diktəsidir?

- Onlar başdan-ayağa improvizə idilər. Hətta mənim onlarla mübahisəm də düşdü ki, replikanı vermirsiniz mənə. Ondan sonra onlarla dəfələrlə çəkilmişəm deyə, artıq öyrənmişəm. Özüm isə improvizə eləmirəm, çünki məndə alınmır.

- Cahangir müəllimlə tərəf-müqabili olmaq...

- Zövqdür, sənətdir. İlahi, bu insanlar necə istedadlı insanlardırlar? Elə böyük məmnuniyyətlə yenə də onlarla işləyərdim.

- Səidə xanım, sənət adamlarına vəzifə verilməsi məsələsinə necə baxırsınız? Məsələn, bizim sevilən rejissorumuz Vaqif Mustafayev televiziyaya sədr təyin olundu və sanki yaradıcılığında bir durğunluq yarandı.

- Əleyhinəyəm. Çox düz deyirsiniz. Bir dəfə, hələ təzə vəzifəyə qoyulmuşdu, hamı onu təbrik etmişdi, bircə məndən başqa. Bir dəfə özü də dedi ki, "ay Səidə, sən heç məni təbrik eləmədin". Dedim, nəyi təbrik edim? Getdin, bizi "yetim" qoydun (gülür). Düzdür, uzun müddət televiziyada rəhbər oldu, xeyli işlər gördü, amma Vaqif müəllim dörd-beş film çəksəydi, həm bizim üçün yaxşı olardı, həm də özü üçün.

Seçilən
18
1
moderator.az

2Mənbələr