AZ

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Pekin, 30 may, AZƏRTAC

Çin hökuməti elektrikli avtomobillərdə istifadə olunan batareyaların təkrar emalı ilə bağlı qaydaları daha da sərtləşdirməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə ilk nəsil yeni enerji avtomobillərinin batareyalarının artıq istifadədən çıxmağa başladığı üçün bu sahədə nəzarətin gücləndirilməsinin zərurətə çevrilidiyini bildirib. Nazirliyin keçirdiyi xüsusi iclasda köhnə batareyaların qanunsuz şəkildə utilizasiyası, lisenziyasız fəaliyyət, ekoloji çirklənməyə səbəb olan söküntü işləri, eləcə də istifadədən çıxmış batareyalardan keyfiyyətsiz məhsulların hazırlanması kimi hallara qarşı ciddi tədbirlərin görülməsi tələb olunub.

Rəsmi proqnozlara görə, 2030-cu ilə qədər Çində hər il istifadədən çıxan enerji batareyalarının həcmi 1 milyon tonu ötəcək. Bu isə dünyanın ən böyük elektrikli avtomobil bazarına sahib olan ölkədə yeni və genişmiqyaslı təkrar emal sisteminin formalaşdırılmasını zəruri edir. Pekin hesab edir ki, məsələ təkcə tullantıların idarə olunması deyil. Batareyaların tərkibində litium, nikel, kobalt kimi strateji və bahalı metallar var. Onların yenidən dövriyyəyə qaytarılması həm ekoloji, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Bu məqsədlə Çin batareyaların istehsaldan utilizasiyaya qədər bütün hərəkət marşrutunu izləmək üçün rəqəmsal texnologiyalardan istifadəni genişləndirəcək. Beləliklə, sənaye zəncirində iştirak edən bütün şirkətlərin məsuliyyətinin daha effektiv şəkildə izlənməsi mümkün olacaq.

Nazirlik, həmçinin sənaye assosiasiyalarını, aparıcı şirkətləri və elmi-tədqiqat institutlarını daha sıx əməkdaşlığa çağırıb. Məqsəd yeni texnologiyaların tətbiqini sürətləndirmək, innovativ biznes modelləri yaratmaq və batareya təkrar emalı sənayesinin davamlı inkişafı üçün möhkəm baza formalaşdırmaqdır.

Elektrikli avtomobillərin sürətlə yayıldığı bir dövrdə Çin artıq milyonlarla batareyanın təhlükəsiz şəkildə təkrar emalı və qiymətli resursların yenidən iqtisadiyyata qaytarılması üçün növbəti mərhələni düşünür.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
8
3
azertag.az

4Mənbələr