Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ və İran arasında aparılan danışıqlarda müsbət dinamika müşahidə olunur və tərəflər mümkün razılaşmaya əvvəlki dövrlərlə müqayisədə daha yaxın görünürlər.
"AzPolitika" xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində səsləndirib. O bildirib ki, Türkiyə, Qətər və Pakistanın Vaşinqtonla Tehran arasında dialoqun inkişaf etdirilməsi istiqamətində göstərdiyi vasitəçilik təşəbbüslərini dəstəkləyir.
Nazirin sözlərinə görə, həm ABŞ, həm də İran mövcud fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə çalışır və tərəflərin ortaq məxrəcə gəlmək imkanları əvvəlkindən daha yüksəkdir.
Hakan Fidan qeyd edib ki, İran, ABŞ və İsrail arasında atəşkəsin qüvvəyə minməsindən sonra diqqət mərkəzinə gələn əsas məsələlərdən biri Hörmüz boğazındakı vəziyyət olub. Dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan bu marşrutda gəmiçiliyin tam bərpası hazırda prioritet mövzu kimi qiymətləndirilir.
Türkiyəli nazirin sözlərinə görə, tərəflər arasında formalaşan yanaşmaya əsasən, İranın nüvə proqramı ilə bağlı geniş müzakirələrin davam etdirilməsi üçün ilk növbədə Hörmüz boğazında təhlükəsiz və maneəsiz gəmiçiliyin təmin olunması vacib hesab edilir.
Fidan vurğulayıb ki, boğazın fəaliyyətində yaranan hər hansı məhdudiyyət həm ABŞ, həm də İran üçün ciddi iqtisadi və siyasi təzyiq amilinə çevrilir. O əlavə edib ki, bölgədəki gərginlik yalnız enerji bazarlarına deyil, həmçinin qlobal qiymətlərin formalaşmasına, ərzaq təhlükəsizliyinə və dünya iqtisadiyyatının inkişaf tempinə də təsir göstərir.
Nazirin fikrincə, hazırkı mərhələdə Hörmüz boğazında sabitliyin təmin olunması nüvə proqramı ilə bağlı danışıqlardan daha təxirəsalınmaz məsələdir. O həmçinin hesab edir ki, Vaşinqton və Tehran arasında qarşıdurmanın azalması Yaxın Şərqdə digər problemlərin, o cümlədən Qəzza zolağındakı vəziyyətin həlli istiqamətində aparılan diplomatik səylərə də müsbət təsir göstərə bilər.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.