ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Müasir həyat tərzi insanların qidalanma vərdişlərinə də ciddi təsir göstərir.
İş rejimi, stress, yuxu pozuntuları və gündəlik tələskənlik səbəbindən bir çox insan yeməklərini vaxtında yemir, bəzən isə ümumiyyətlə hansısa əsas qidanı ötürür.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırma göstərib ki, yemək vaxtlarını tez-tez dəyişmək, əsas yeməkləri ötürmək və ya gün ərzində nizamsız qidalanmaq ruh sağlamlığına mənfi təsir göstərə bilər.
Alimlər müəyyən ediblər ki, qidalanma rejimi ilə psixoloji rifah arasında güclü əlaqə mövcuddur.
Araşdırmanın nəticələri “Journal of Affective Disorders” jurnalında dərc olunub. Koreyalı tədqiqatçılar 2014–2022-ci illərdə keçirilən Koreya Milli Sağlamlıq və Qidalanma Sorğusunda iştirak edən 21 min 568 yetkin şəxsin məlumatlarını təhlil ediblər.
Nəticələr göstərib ki, əsas yeməklərini hər gün fərqli saatlarda yeyən insanların depressiyaya düşmə ehtimalı daha nizamlı qidalananlarla müqayisədə 55 faiz daha yüksəkdir.
Araşdırma zamanı həmçinin məlum olub ki, qidalanmada müxtəlifliyin olması nizamsız yeməyin mənfi təsirlərini müəyyən qədər azalda bilir. Əksinə, səhər yeməyinin buraxılması bu riskləri daha da artırır. Ən güclü əlaqə kişilərdə, siqaret çəkənlərdə və gec saatlarda yemək yeyən şəxslərdə müşahidə olunub.
Mütəxəssislərin fikrincə, yemək saatlarının davamlı dəyişməsi orqanizmin daxili bioloji saatını – sirkadiyen ritmləri poza bilər. Bu ritmlər yuxu, enerji səviyyəsi, hormon ifrazı və əhval-ruhiyyənin tənzimlənməsində mühüm rol oynayır.
Ritmlərin pozulması nəticəsində melatonin və kortizol kimi hormonların ifrazında dəyişikliklər yarana bilər ki, bu da insanın emosional vəziyyətinə təsir göstərir.
Alimlər bildirirlər ki, nizamsız qidalanma B qrupu vitaminləri, lif və antioksidantlar kimi əhval-ruhiyyənin qorunması üçün vacib olan qida maddələrinin kifayət qədər qəbul edilməməsinə də səbəb ola bilər.
Bundan əlavə, belə qidalanma vərdişləri bəzən insanın gündəlik həyatında qaydasızlıq, sosial fəaliyyətdən uzaqlaşma və ümumi həyat tərzindəki problemlərlə də əlaqəli olur. Bütün bunlar isə psixoloji vəziyyətin pisləşməsinə şərait yarada bilər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.