Yaponiya və Cənubi Koreya təxminən doqquz ildən sonra ilk dəfə olaraq gələn ay birgə dəniz axtarış və xilasetmə təlimlərini bərpa edəcəklər, bu da illərdir davam edən diplomatik və müdafiə gərginliyindən sonra iki ölkə arasında münasibətlərin yaxşılaşmasını əks etdirir.
"Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, Cənubi Koreyanın müdafiə naziri An Qyu Bak bunu Sinqapurda yapon həmkarı Şindziro Koidzumi ilə danışıqlar zamanı açıqlayıb.
"Cənubi Koreya Hərbi Dəniz Qüvvələri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin iştirak etdiyi bu humanitar təlimlər iyunun 7-də keçiriləcək", - o deyib.
Ş.Koidzumi öz növbəsində Yaponiya və Cənubi Koreyanın Hind-Sakit Okean regionunda sülhün və sabitliyin təşviqində, o cümlədən ABŞ-Yaponiya və ABŞ-Cənubi Koreya ittifaqları vasitəsilə çəkindirməni gücləndirməklə, eləcə də digər strateji koordinasiya formaları vasitəsilə fəal rol oynamasının vacibliyini qeyd edib.
Qeyd olunur ki, təlimlər 2017-ci ildən bəri keçirilməyib.