Salat sousları üçün ən yaxşı 5 yağ açıqlandı
Diyetoloqlar bildirirlər ki, ev şəraitində hazırlanan salat sousları yeməyin dadını yaxşılaşdırmaqla yanaşı, onun qida dəyərini də artıran ən sadə üsullardan biridir. Lakin mütəxəssislərin sözlərinə görə, yağ seçimi həlledici əhəmiyyət daşıyır. Müxtəlif yağ növləri ürək-damar sağlamlığına təsir göstərən fərqli faydalı yağ turşuları, antioksidantlar və bitki mənşəli birləşmələr ehtiva edir.
Demokrat.az xəbər verir ki, bu barədə “Verywell Health” nəşri yazır.
Zeytun yağı
Soyuq sıxım üsulu ilə əldə edilən zeytun yağı gündəlik istifadə üçün ən faydalı seçimlərdən biri hesab olunur. O, iltihabəleyhinə təsir göstərən və qan damarlarının fəaliyyətini yaxşılaşdıran polifenollarla zəngindir.
Araşdırmalar göstərib ki, zeytun yağının müntəzəm istifadəsi ürək-damar xəstəlikləri və insult riskini azaldır, həmçinin xolesterin səviyyəsinə və arterial təzyiqə müsbət təsir göstərir.
Kanola yağı
Tədqiqatlar müəyyən edib ki, kanola yağı neytral dadı ilə seçilir və ümumi xolesterinin, eləcə də “pis” xolesterin hesab edilən LDL səviyyəsinin azalmasına kömək edir.
Dietoloqlar qeyd edirlər ki, salatlarda adi yağların kanola yağı ilə əvəz edilməsi ürək sağlamlığına müsbət təsir göstərə bilər.
Avokado yağı
Avokado yağı çoxlu miqdarda təkli doymamış yağlar və E vitamini ehtiva edir. O, ürək və maddələr mübadiləsi sağlamlığını dəstəkləyən perspektivli məhsul hesab olunur.
Bununla belə, insan orqanizminə təsiri ilə bağlı elmi məlumatlar hələ də məhduddur. Mövcud araşdırmalar onun lipid profilini yaxşılaşdırmaq və normal xolesterin səviyyəsini qorumaq potensialına malik olduğunu göstərir.
Qoz yağı
Qoz yağı omeqa-3 də daxil olmaqla çoxlu doymamış yağ turşuları ilə zəngindir. Bu maddələr damar iltihabını azaltmağa və onların elastikliyini qorumağa kömək edə bilər.
Mütəxəssislər qoz yağının müntəzəm istifadə zamanı ürək-damar sistemini qoruyan təsir göstərə biləcəyini bildirirlər.
Kətan yağı
Kətan yağı omeqa-3 yağ turşularının ən yaxşı bitki mənşəli mənbələrindən biri sayılır. O, iltihabi proseslərin azalmasına və lipid mübadiləsinin yaxşılaşmasına kömək edir.
Diyetoloqlar vurğulayırlar ki, kətan yağı yalnız soyuq yeməklərdə istifadə edilməlidir, çünki istilik emalı üçün uyğun deyil.
Faydalı salat sousu necə hazırlanmalıdır?
Mütəxəssislər ev şəraitində sous hazırlayarkən 3:1 nisbətinə əməl etməyi tövsiyə edirlər — üç hissə yağ və bir hissə turşu komponenti (məsələn, limon şirəsi və ya sirkə).
Sousun teksturasını yaxşılaşdırmaq üçün xardal, yoqurt və ya tahini əlavə etmək, dadını zənginləşdirmək üçün isə müxtəlif otlar və ədviyyatlardan istifadə etmək məsləhət görülür.
Diyetoloqların fikrincə, yağ seçimi yeməyin növünə və zövqə uyğun olmalıdır: zeytun yağı universal souslar üçün, avokado yağı yumşaq tekstura üçün, kanola yağı neytral dad üçün, qoz yağı zəngin ətir üçün, kətan yağı isə soyuq yeməklərdə maksimum fayda əldə etmək üçün daha uyğundur.
Jalə
Demokrat.az