AZ

Hakan Fidanın təklif etdiyi platformada hansı ölkələr yer alacaq?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə yeni təhlükəsizlik və əməkdaşlıq mexanizminin yaradılması ilə bağlı diqqətçəkən təklif irəli sürüb.

TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın "Nikkei Asia" nəşrinə müsahibəsində Yaxın Şərqdə regional əməkdaşlıq və təhlükəsizlik mexanizminin formalaşdırılması ilə bağlı fikirlərini bölüşüb.

Nazir bildirib ki, İsrail 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətini tanıyarsa, region ölkələrinin iştirak etdiyi əməkdaşlıq platformasına daxil ola bilər.

Hakan Fidanın sözlərinə görə, belə bir təşəbbüs Yaxın Şərqdə təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi sabitliyin gücləndirilməsinə xidmət edə bilər.

O qeyd edib ki, nəzərdə tutulan platformada Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Körfəz ölkələri təmsil oluna bilər.

Türkiyəli nazir əlavə edib ki, regionda münasibətlərin normallaşması və qarşılıqlı etimadın artması halında İranın da bu prosesə qoşulması mümkündür.

Hakan Fidan vurğulayıb ki, davamlı sabitliyin təmin olunması üçün region dövlətləri bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə hörmət etməyi əsas prinsip kimi qəbul etməlidirlər.

Açıqlama ABŞ Prezidenti Donald Trampın İsrail ilə ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan razılaşmaların genişləndirilməsi ilə bağlı çağırışları fonunda diqqət çəkib.

Siyasi müşahidəçilərin fikrincə, Hakan Fidanın bəyanatı Yaxın Şərqdə yeni regional təhlükəsizlik modelinin yaradılması ilə bağlı diplomatik müzakirələrin gücləndiyini və İsrail-Fələstin məsələsinin bu prosesin mərkəzində qaldığını göstərir.

Seçilən
42
turkic.world

1Mənbələr