BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Livanın cənubunda davam edən hərbi əməliyyatların genişlənməsi fonunda təhlükəsizlik tədbirlərinin artırıldığını açıqlayıb. Bakı, AzerVoice.
TurkicWorld xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda davam edən əməliyyatlarla bağlı yeni açıqlama yayıb.
Ordunun məlumatına görə, əməliyyatların və nəzarət zonasının genişləndirilməsindən sonra vəziyyət yenidən qiymətləndirilib və Livan ərazisindən İsrailin şimalına yönəlmiş mümkün hücumlara qarşı hazırlıq səviyyəsi artırılıb.
Açıqlamada bildirilib ki, təhlükəsizlik qurumları xüsusilə sərhədin şimal hissəsində raket zərbələri, pilotsuz uçuş aparatları və digər hücum vasitələrinin istifadəsi ehtimalını nəzərə alır.
İsrail ordusu qeyd edib ki, bölgədə yaranan təhlükəsizlik vəziyyəti ilə əlaqədar müdafiə sistemləri və operativ bölmələr yüksək hazırlıq vəziyyətində saxlanılır.
Son günlər Livanın cənubunda İsrailin hərbi əməliyyatlarının genişlənməsi ilə paralel olaraq Hizbullah və İsrail arasında qarşılıqlı hücumların sayı da artıb. Tərəflər sərhəd bölgəsində raketlər, pilotsuz uçuş aparatları və artilleriya vasitələrindən daha intensiv istifadə edirlər.
Hərbi müşahidəçilərin fikrincə, davam edən qarşıdurmaların genişlənməsi həm Livan, həm də İsrailin sərhədyanı bölgələrində təhlükəsizlik risklərini artırır və yeni hərbi eskalasiya ehtimalını gücləndirir.