AZ

Rusiyanın dronu NATO ölkəsinə düşdü - Putinə ŞOK

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatı ölkənin hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, nəticədə iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. PUA Rusiyanın mülki və infrastruktur hədəflərinə zərbələr endirdiyi Ukrayna ərazisindən sərhədi keçib. Əməliyyat zamanı iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb və pilotlara hədəfləri həyəcan siqnalı dövründə vurmaq səlahiyyəti verilib.

Məlum olduğu kimi, Rumıniya NATO ölkəsidir. NATO-nun kollektiv müdafiə prinsipi olan 5-ci maddəsinə əsasən, üzv ölkələrdən birinə qarşı silahlı hücum bütün alyansa qarşı hücum deməkdir. Bu səbəbdən ekspertlər həyəcan təbili çalırlar.

kenan.jpg

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, əvvəllər də oxşar hallar yaşanıb:

"Rusiyanın Rumıniyanı bilərəkdən hədəf alması ağlabatan deyil. Bu, Moskvaya lazım deyil. Rusiya Avropa ilə münasibətləri daha da kəskinləşdirmək istəməz. Bunun əksi olaraq, Rusiyanın Avropanı təxribata çəkərək daha çox təzyiqə məruz qalması, beləliklə, Vaşinqtonla Avropa paytaxtları arasında ziddiyyəti daha da artırmaq niyyəti də istisna deyil. Hərçənd bu ehtimalı zəif qiymətləndirirəm. Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski bu məsələdən mümkün qədər istifadə etməyə çalışacaq. Kiyev Avropanı inandırmaq istəyəcək ki, dron Rumıniya ərazisinə məqsədli şəkildə düşüb və Rusiya müharibə arealını genişləndirmək istəyir. Beləliklə, Ukrayna Avropanı Rusiyaya təzyiqi artırmağa çalışacaq. Həmçinin dolayısı da olsa mesaj veriləcək ki, Avropanın hazırkı təzyiq siyasəti kifayət deyil və bu "etinasızlıq" Avropanın özü üçün təhdid yaradır".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr