Avropa Birliyində sənayenin rəqabət qabiliyyəti və “yaşıl keçid” ətrafında mübahisələr qızışarkən, diqqətçəkən mövqe keçmiş futbol ulduzundan gəlib.
Musavat.com xəbər verir ki, “Politico” saytında dərc olunan yazıda Fransanın keçmiş milli futbolçusu və Londonun “Arsenal” klubunun sabiq yarımmüdafiəçisi Matye Flamini Avropa Birliyini ekoloji siyasətdən geri çəkilməməyə çağırıb.
Uzun illər peşəkar futbolçu kimi tanınan Flamini hazırda Fransada fəaliyyət göstərən GF Biochemicals kimya şirkətinin rəhbəridir. Şirkət kənd təsərrüfatı tullantılarından boya, kosmetika və təmizləyici vasitələrdə istifadə olunan bioloji əsaslı kimyəvi maddələr istehsal edir. Flamini hesab edir ki, Avropanın kimya sənayesi neft əsaslı istehsaldan bioəsaslı alternativlərə keçidi qaçılmaz reallıq kimi qəbul etməlidir.
Onun fikrincə, Avropa Birliyində karbon emissiyalarını tənzimləyən sistemləri zəiflətmək və ya ləğv etmək sənayeni Çin və ABŞ qarşısında rəqabətədavamlı etməyəcək:
“Əgər düşünürüksə ki, Avropada karbon vergisini ləğv etməklə birdən-birə Çinlə rəqabət apara biləcəyik, bu, özümüzü aldatmaqdır”.
Keçmiş futbolçu vurğulayıb ki, Avropanın ağır sənayesi böyük ölçüdə idxal olunan neft və qazdan asılıdır. Bu isə həm ətraf mühit, həm də strateji təhlükəsizlik baxımından risk yaradır. Onun sözlərinə görə, avtomobil sənayesində daxiliyanma mühərrikindən elektrik mühərrikinə keçid necə baş veribsə, kimya sənayesi də neft əsaslı modeldən bioəsaslı istehsala keçməlidir.
Flamini Avropa Komissiyasını bioiqtisadiyyata - yəni neft, qaz, plastik, sement və polad kimi yüksək emissiyalı məhsulların əvəzinə dayanıqlı bioloji materiallara əsaslanan iqtisadiyyata - daha çox dəstək verməyə çağırıb. O, hətta Aİ-də istehsal olunan kimyəvi məhsullarda bioəsaslı komponentlər üçün kvota tətbiq edilməsini təklif edib.
“Avropada istehsal olunan hər kimyəvi məhsulun ən azı 30 faizi bioəsaslı komponentlərdən ibarət olmalıdır”, - Flamini bildirib.
O xəbərdarlıq edib ki, Avropa vaxtında hərəkət etməsə, elektrik avtomobilləri və batareyalarda olduğu kimi bioiqtisadiyyatda da Çin dominant mövqe tutacaq.
Matye Flamini həmçinin Avropa Birliyinin karbon sərhəd vergisinin kimya sənayesinə də tətbiq olunmasını istəyir. Onun fikrincə, bu, Avropa istehsalçılarını qorumaq və Çin, Hindistan kimi ölkələrlə daha ədalətli rəqabət yaratmaq üçün vacibdir.
Maraqlıdır ki, Flamini söhbətin sonunda UEFA Çempionlar Liqasının finalı barədə də danışıb və sabiq komandası “Arsenal”ın penaltilər seriyasında qalib gələcəyini proqnozlaşdırıb.
Musavat.com