Sərt miqrasiya siyasətinin ABŞ-də əhalinin artımını zəiflətdiyi və əmək bazarında mənfi nəticələr yaratdığı bildirilir...
ABŞ Prezidenti Donald Trampın immiqrasiya sahəsində tətbiq etdiyi sərt tədbirlər ölkədə əhali artım tempinin son onilliklərin ən kəskin zəifləmələrindən biri ilə üzləşməsinə səbəb olub və bu proses artıq iqtisadi göstəricilərə təsir göstərməyə başlayıb.
Poliqon xəbər verir ki, bu barədə Axios portalı yazıb.
Nəşrin məlumatına görə, iqtisadçılar immiqrasiya siyasətində baş verən dəyişikliklərin mümkün nəticələrini qiymətləndirməyə başlayıblar və onların bir qismi yaranan təsirlərin uzunmüddətli ola biləcəyi barədə xəbərdarlıq edib. Bildirilir ki, ABŞ-nin müasir tarixində immiqrasiya siyasətində belə kəskin dönüşlərə nadir hallarda rast gəlinib.
Axios vurğulayıb ki, bu siyasətin ilkin nəticələri artıq aylıq məşğulluq statistikasında müşahidə olunur. İddialara əsasən, ABŞ iqtisadiyyatında yeni iş yerlərinin yaradılması tempi zəifləyib və əmək bazarında əvvəlki dövrlərlə müqayisədə daha aşağı dinamika qeydə alınıb.
“İmmiqrant axınının azalması əmək məhsuldarlığının artımını bu əsrin ikinci yarısınadək məhdudlaşdıra biləcək amilə çevrilə bilər”, deyə iqtisadçıların qiymətləndirmələrinə istinadən qeyd olunub.
Mütəxəssislərin fikrincə, immiqrasiya axınının azalması uzun müddətdə həm istehlak bazarına, həm işçi qüvvəsinin formalaşmasına, həm də iqtisadi artım potensialına təsir göstərə bilər. Bu səbəbdən ABŞ-də miqrasiya siyasətinin iqtisadi nəticələri ilə bağlı müzakirələrin daha da intensivləşdiyi bildirilir.
Poliqon.info