
Millət vəkili Tahir Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların, eləcə də ölkədə mövcud olan ictimai-siyasi sabitliyin və yüksək təşkilatçılıq imkanlarının göstəricisidir:
“Bu cür tədbirlər Azərbaycanı bir daha dünya ictimaiyyətinə təqdim edir və ölkənin beynəlxalq nüfuzunu gücləndirir. Bu forum öz miqyası və əhəmiyyəti ilə seçilir. 182 ölkədən 45 mindən çox iştirakçının təmsil olunduğu bu beynəlxalq tədbir təkcə Azərbaycan üçün deyil, ümumilikdə dünya ölkələri üçün də mühüm platformadır. Burada müzakirə olunan məsələlər qlobal çağırışlardan qaynaqlanır. İqlim dəyişiklikləri, şəhərsalma problemləri, evsizlik və milyonlarla insanın qeyri-qənaətbəxş yaşayış şəraiti bu forumun aktuallığını daha da artırır və dövlətlər qarşısında ciddi vəzifələr qoyur. Tədbirin əsas məqsədi insanların daha rahat və firavan yaşayışının təmin olunmasına yönəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də forum çərçivəsində bu məsələlərə xüsusi diqqət yetirib. O qeyd edib ki, Azərbaycan Şərqlə Qərbin qovuşduğu mühüm coğrafi məkandır və burada həm tarixi irs, həm də müasir şəhərsalma prinsipləri paralel şəkildə inkişaf etdirilir. Bu da ölkənin inkişafına və Bakıya olan marağın artmasına müsbət təsir göstərir”.
Tahir Rzayev
O bildirib ki, Prezident çıxışında ölkəmizin tarixi abidələrinə də diqqət çəkib:
“İçərişəhər, Möminə Xatun türbəsi, Xan sarayı, Şirvanşahlar sarayı, Qız qalası və digər abidələrin xalqımızın tarixi düşüncəsinin və yüksək memarlıq ənənələrinin göstəricisi olduğu vurğulanıb. Eyni zamanda qeyd olunub ki, İçərişəhər tarixi irsimizin parçası olmaqla yanaşı, onun ətrafında müasir şəhər mənzərəsi formalaşıb. Bu gün “Qara şəhər”in “Ağ şəhər”ə çevrilməsi və regionlarda yeni üslubda tikililərin inşası da bu inkişafın göstəricisidir. Prezident işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə də toxunub. Bildirilib ki, son 5 il ərzində 70 kilometrdən çox tunel, 445 körpü inşa olunub, çoxsaylı məktəblər, xəstəxanalar, bağçalar və ictimai obyektlər tikilib, yollar salınıb və üç beynəlxalq hava limanı istifadəyə verilib. Bu proses hazırda da davam etdirilir. Forum həm də Azərbaycanın intellektual potensialını və müstəqil dövlət kimi sülh və sabitliyə verdiyi töhfəni nümayiş etdirib. Ölkəmizin beynəlxalq platformalarda artan rolu və regional əməkdaşlığa yanaşması bir daha diqqətə çatdırılıb. Azərbaycan Prezidenti sülh və əmin-amanlığın təmin olunmasında mühüm rol oynayan lider kimi bu forumda da bu mövqeyini bir daha ifadə edib. Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadın bariz nümunəsidir və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu siyasətin uğurları isə həyatın bütün sahələrində özünü aydın şəkildə göstərir”.

Politoloq Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, BMT-nin şəhərsalma üzrə konfransı olan WUF13 (World Urban Forum) tədbirinin Azərbaycanda keçirilməsi ölkənin şəhərsalma sahəsində həyata keçirdiyi işlərin mühüm nəticəsi kimi qiymətləndirilir:
“Eyni zamanda bu, BMT və digər beynəlxalq təşkilatların Azərbaycana olan etimadının göstəricisi hesab olunur. Azərbaycan uzun müddətdir ki, müxtəlif beynəlxalq forum və konfranslara yüksək səviyyədə ev sahibliyi edir. Bu baxımdan COP29 kimi tədbirlərin də uğurla təşkili ölkənin bu sahədə təcrübəsini və təşkilatçılıq imkanlarını nümayiş etdirir. WUF13 forumunun Azərbaycanda keçirilməsi həm turizm, həm iqtisadiyyat, həm də beynəlxalq əlaqələr baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər ölkənin qlobal imicinin güclənməsinə və beynəlxalq etimadın artmasına töhfə verir”.
Onun sözlərinə görə, şəhərsalma siyasəti çərçivəsində Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” layihələri həyata keçirilir:
“Yeni şəhər və yaşayış məntəqələri müasir standartlara uyğun şəkildə inşa olunur. Bununla yanaşı, tarixi şəhər mühitinin qorunması istiqamətində də mühüm addımlar atılır. Mövcud təcrübə göstərir ki, Azərbaycan şəhərsalma sahəsində müəyyən uğurlar əldə edib və bu təcrübə beynəlxalq forumlarda iştirak edən digər ölkələr üçün də örnək ola bilər. Ümumilikdə, ölkənin bu sahədə qazandığı nailiyyətlər onun regional miqyasda mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq nüfuzunun da artmasına xidmət edir. Gələcək perspektivdə Azərbaycanın təkcə regional deyil, həm də qlobal siyasi və urban inkişaf proseslərinə daha fəal təsir göstərən ölkələrdən birinə çevrilməsi mümkün hesab olunur”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.