Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev növbəti dəfə nüvə təhlükəsi ilə bağlı sərt bəyanatla çıxış edib. O, atom elektrik stansiyalarının hədəfə çevrilməsinin ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, Medvedev sosial şəbəkədə paylaşdığı açıqlamada atom elektrik stansiyalarında baş verə biləcək mümkün dağıntıların yeni Çernobıl miqyaslı faciəyə səbəb ola biləcəyini bildirib.
Rusiyalı siyasətçi qeyd edib ki, bu barədə əvvəllər də danışsa da, yenidən həmin xəbərdarlığı təkrarlamağa məcbur olub:
“Mən bu barədə bir dəfə yazmışdım, lakin həmin sərt sözləri yenidən təkrar edirəm. Aydındır ki, atom elektrik stansiyasının maşın zalının və ya reaktor zalının fəlakətli şəkildə dağıdılması halında yeni Çernobıl baş verəcək. Bu isə taktiki nüvə silahının tətbiqindən heç də yaxşı deyil”.

Medvedevin sözlərinə görə, nüvə obyektlərinin təhlükəsizliyinə yönələn hər hansı təhdid yalnız bir ölkə üçün deyil, bütün region üçün ciddi ekoloji və humanitar nəticələr yarada bilər.
Onun bu açıqlaması son dövrlərdə Rusiya-Ukrayna müharibəsi fonunda atom elektrik stansiyalarının təhlükəsizliyi ətrafında artan narahatlıqların fonunda səslənib. Xüsusilə Avropanın ən böyük nüvə enerji obyektlərindən biri hesab olunan Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyət beynəlxalq təşkilatlar tərəfindən yaxından izlənilir.
Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasında 1986-cı ildə baş vermiş qəza tarixdə ən böyük nüvə fəlakətlərindən biri hesab olunur. Həmin hadisənin nəticələri uzun illər ərzində Ukrayna, Belarus və Rusiyanın geniş ərazilərində hiss olunub.
Musavat.com