AZ

MAQATE Zaporojye AES-in zərbə endirilən maşın zalına giriş istəyib

BAKI, 31 may. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) ekspertləri Zaporojye Atom Elektrik Stansiyasının zərbəyə məruz qalan maşın zalına birbaşa baxış keçirmək üçün giriş tələb ediblər.

Teleqraf xəbər verir ki, MAQATE-nin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, stansiyada fəaliyyət göstərən ekspert qrupu hadisənin baş verdiyi ərazini yerində araşdırmaq niyyətindədir.

“Zaporojye AES-də fəaliyyət göstərən MAQATE ekspertləri zərər görmüş maşın zalına birbaşa baxış keçirmək üçün giriş istəyiblər”, - məlumatda qeyd olunub.

MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın maşın zalına edilən hücumla bağlı ciddi narahatlığını ifadə edib.

RT-nin məlumatına görə, daha əvvəl Ukraynaya məxsus pilotsuz uçuş aparatı Zaporojye AES-in 6-cı enerji blokunun maşın zalının binasına zərbə endirib.

"Rosatom" Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçov bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu cür hərəkətlərlə dəfələrlə məntiq və sağlam düşüncə sərhədlərini aşır.

Zaporojye AES-in kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina isə qeyd edib ki, hücuma məruz qalan maşın zalı 6-cı enerji blokunun reaktor zalından cəmi bir neçə metr məsafədə yerləşir.

Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük nüvə enerji obyektlərindən biri hesab olunur və ətrafında baş verən hərbi hadisələr beynəlxalq təşkilatların xüsusi diqqət mərkəzindədir.

Seçilən
54
teleqraf.com

1Mənbələr