UEFA Çempionlar Liqasının finalında PSG-nin “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransanın müxtəlif şəhərlərində kütləvi iğtişaşlar baş verib.
Sky News-un məlumatına görə, hadisələr zamanı yüzlərlə şəxs polis tərəfindən saxlanılıb.
Məlumata əsasən, xüsusilə Parisdə minlərlə azarkeş küçələrə axışıb, bəzi yerlərdə avtomobillər yandırılıb, mağazalara ziyan vurulub və polisə qarşı qarşıdurmalar yaşanıb. Hüquq-mühafizə orqanları asayişi bərpa etmək üçün gözyaşardıcı qazdan istifadə edib və geniş təhlükəsizlik əməliyyatı həyata keçirib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslərin bir hissəsi vandalizm, ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə şübhəli bilinir. Hadisələr zamanı bir neçə polis əməkdaşının və mülki şəxsin xəsarət aldığı bildirilir.
Rəsmilər vəziyyətin nəzarət altına alındığını açıqlasalar da, bəzi bölgələrdə gecə boyu gərginliyin davam etdiyi qeyd olunur.