AZ

Yapon alimləri yorğunluqla bu vitaminlər arasında əlaqə tapdı

Yapon alimləri xroniki yorğunluğun səbəbini aşkar ediblər. Osaka Metropoliten Universitetinin professoru Hiroaki Kanouçinin rəhbərlik etdiyi tədqiqat qrupu B qrupu vitaminlərinin çatışmazlığı ilə yorğunluq sindromu arasında birbaşa əlaqə olduğunu müəyyən edib.

Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Medical Xpress" jurnalında dərc olunub. Alimlər fol turşusu (B9) və B12 vitamini çatışmazlığının insanın ümumi rifahına təsirini araşdırıblar. Tədqiqatın əsas obyekti qanda səviyyəsi artdıqda vitamin çatışmazlığından xəbər verən homosistein biomarkeri olub. Eksperimentdə iştirak edən 600-ə yaxın sağlam şəxsin qan analizləri yoxlanılıb, onların motivasiya və yorğunluq dərəcələri xüsusi şkalalarla ölçülüb.

Analizlər göstərib ki, qanında homosistein konsentrasiyası yüksək olan şəxslərdə cinsindən asılı olmayaraq B12 və B9 vitaminlərinin səviyyəsi aşağı olub. Lakin yorğunluğun təzahürü kişilərdə və qadınlarda fərqli xüsusiyyət daşıyıb. Belə ki, kişilərdə bu çatışmazlıq fiziki tükənmə ilə müşahidə edildiyi halda, qadınlarda daha çox motivasiya düşkünlüyü kimi özünü büruzə verib.

Professor Kanouçi qeyd edib ki, tibbi praktikada homosistein səviyyəsi indiyədək yalnız ürək-damar xəstəlikləri, demensiya və sınıq riskləri ilə əlaqəli qiymətləndirilib. Yeni məlumatlar isə göstərir ki, gələcəkdə yorğunluq və motivasiya göstəriciləri də nəzərə alınmalıdır. Alimlər xroniki yorğunluğun qarşısını almaq üçün balanslaşdırılmış qidalanmanın həlledici rol oynadığını vurğulayırlar.

Tədqiqat zamanı iştirakçıların yaşı, yuxu müddəti, iş yükü və qidalanma vərdişləri kimi amillər də nəzərə alınıb. Müəlliflər müasir cəmiyyətdə xroniki yorğunluq probleminin artıq fərdi məsələ çərçivəsindən çıxdığını diqqətə çatdırıblar.

İsmayıl
Demokrat.az
Seçilən
30
1
demokrat.az

2Mənbələr