İran mətbuatı ABŞ administrasiyasının İranın xaricdə dondurulmuş aktivlərinin 12 milyard dollarlıq hissəsinə çıxışın təmin olunmasını öhdəsinə götürdüyünü iddia edib.Metbuat.az xəbər verir ki, məlumata görə, Tehran və Vaşinqton arasında Pakistanın vasitəçiliyi ilə hazırlanmış 14 maddədən ibarət mümkün razılaşma memorandumunun qeyri-rəsmi mətnində bu məsələyə yer verilib. İran Dövlət Televiziyası sənədin məzmununa dair bəzi detalları yayımlayıb.Qeyri-rəsmi sənədə əsasən, razılaşmanın əsas bəndlərindən biri Hürmüz boğazından keçid qaydalarının yenidən müəyyənləşdirilməsi ilə bağlıdır. Bildirilir ki, İran boğazdan keçən gəmilərin statusunu müəyyən etmək səlahiyyətinə malik olacaq.Sənəddə qeyd olunur ki, yükü təhlükə kimi qiymətləndirilən və ya son sahibi İran tərəfindən düşmən hesab edilən hər hansı gəmi kommersiya gəmisi statusunda tanınmayacaq və müəyyən edilmiş marşrutlardan keçməsinə icazə verilməyəcək.Mediada yayılan məlumatlarda ABŞ-ın razılaşmanın qüvvəyə minməsindən sonra 60 gün ərzində İranın bloklanmış vəsaitlərinin 12 milyard dollarına çıxış təmin etməyi öhdəsinə götürdüyü də vurğulanır.