AZ

Türkiyədə avtobus faciəsi

Türkiyənin Dənizli vilayətinin Sarayköy rayonunda sərnişin avtobusunun yol kənarındakı maneələrə çırpılaraq yanması nəticəsində 1-i körpə olmaqla 8 nəfər həlak olub, 33 nəfər yaralanıb.

İzmir–Antalya marşrutu üzrə hərəkət edən, şəhərlərarası sərnişin avtobusu Dənizli–Aydın avtomobil yolunun Tırkaz məhəlləsi yaxınlığında idarəetmədən çıxaraq maneələrə çırpılıb.

Toqquşmanın təsirindən avtobusda yanğın başlayıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə 112 Təcili Tibbi Yardım, AFAD, UMKE, polis, yanğınsöndürmə və jandarma qüvvələri cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürüldükdən sonra avtobusun sürücüsü Mustafa Fevzi Merdin və sərnişinlər Mərvə Erik, Fatma Kartal, Gülitay Boğa, Zəhra Eyiol, Hayriyə Arıkan, Civan Şən və onun 9 aylıq oğlu Eyip Miraç Şənin həlak olduğu müəyyən edilib.

Qəza nəticəsində yaralanan 33 nəfər təcili tibbi yardım avtomobilləri ilə ətraf xəstəxanalara çatdırılıb.

Məlumata görə, avtobusda 1-i körpə olmaqla 38 sərnişin və 3 avtobus heyəti olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, qəza və sonradan baş verən yanğın zamanı avtobusda yaranan təşviş və qarışıqlıq səbəbindən bəzi sərnişinlər çıxış qapılarının yaxınlığında sıxlıq yaranması nəticəsində həyatlarını itiriblər.

Meyitlər ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Dənizli Regional Şöbəsinin morquna aparılıb.

Hadisə yerində aparılan işlər başa çatdırılıb.

Qəza səbəbindən təxminən 4 saat ərzində Dənizli istiqamətində nəqliyyatın hərəkətinə bağlanan yol avtobusun hadisə yerindən götürülməsindən sonra yenidən istifadəyə verilib.

Seçilən
37
vaxt.az

1Mənbələr