BAKI, 31 may. TELEQRAF
"İsrail ordusu Livandakı hərbi əməliyyatları genişləndirib, Litani çayını keçərək Bofor silsiləsini ələ keçirib".
Teleqraf xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrail Katz "Telegram" kanalında bildirib.
Nazirin sözlərinə görə, "Qolani" briqadasının rəhbərlik etdiyi qüvvələr tərəfindən Bofor qalasının nəzarətə götürülməsi ölkənin şimalındakı yaşayış məntəqələrinin müdafiəsi və İsrail ordusunun təhlükəsizliyinin təmini baxımından ən mühüm strateji nöqtələrdən biridir. İ.Katz bu əməliyyat barədə məlumatlara əvvəlcə məxfilik rejimi tətbiq edildiyini qeyd edib.
Müdafiə naziri bölgədə döyüşlərin hələ də davam etdiyini vurğulayaraq, "Hizbullah"ı zəiflətmək və İsrailin şimal sərhədlərinin təhlükəsizliyini tam təmin etmək üçün səyləri davam etdirəcəklərinə söz verib.
Qeyd edək ki, Livan rəsmiləri İsrail tərəfinin bu iddiası ilə bağlı hələlik heç bir şərh verməyiblər.