Azərbaycanı hədəf seçən Fransadakı “mühacir şousu” və yaxud V kolonun virtual təxribatları: Rusiya kəşfiyyatının kriminal şəbəkəsi
Son günlər ictimai-siyasi sfera bir neçə trend müzakirələrlə çalxalanır. Əsas trend “uşaqpulu” məsələsi olsa da, əslində, bu, həm sosial şəbəkələrdə, həm də mediada uzun müddətdir ki, aktuallığını itirməyən mövzudur. Bu mövzunun son günlərdə xüsusilə alovlanması, ən böyük trend müzakirəsinə, əsas gündəm maddəsinə çevrilməsinə səbəb həm rəsmi şəxslərin çıxışları, həm də ölkədaxili demoqrafik göstəricilərdir. “Uşaqpulu” mövzusunun kölgəsində qalsa da, Fransada mühacirətdə yaşayan “söyüşcül müxalifətin parlaq siması”, bloger Məhəmməd Mirzəliyə sui-qəsdlə bağlı məhkəmə prosesi və bununla paralel olaraq, sabiq vitse-spiker, hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı ətrafında cərəyan edən proseslər son bir neçə gündə xüsusilə siyasi aktiv kütlə, xarici ölkələrdəki blogerlər, onların nəzarət etdiyi söyüşcül və iftiraçı media tərəfindən ən çox işıqlandırılan trend mövzulardandır. Bu şəbəkənin Məhəmməd Mirzəli mövzusunu hətta “uşaqpulu məsələsi”ndən də önə çıxarmaq, Adil Əliyevi hədəf olaraq göstərmək cəhdləri açıq şəkildə görünür. Niyə, səbəb nədir?
Gəlin öncə Məhəmməd Mirzəlinin xarakterik xüsusiyyətlərinə baxaq. Fransada mühacirətdə yaşayan, Azərbaycan hakimiyyətinə qarşı radikal, barışmaz mövqe ortaya qoyan bu video-bloqer cəmiyyətdə birmənalı qarşılanmır. O, xarakteri etibarilə özü haqqında cəmiyyətdə kəskin şəkildə fərqli və ziddiyyətli fikirlər formalaşdırıb.
Tərəfdarlarının nəzərində: Məhəmməd Mirzəli təzyiqlərə, şantajlara və Avropada məruz qaldığı sui-qəsd cəhdlərinə baxmayaraq, geri addım atmayan, fikirlərini qorxmadan ifadə edən cəsarətli və dözümlü bir dissidentdir;
Tənqidçilərinin nəzərində: çıxışlarında istifadə etdiyi ağır ifadələr, təhqir və söyüş ritorikası səbəbindən o, etik sərhədləri aşan, radikal və qalmaqallı bir media fiquru kimi xarakterizə olunur.
Xülasə, Məhəmməd Mirzəli medianın və beynəlxalq hüquq müdafiəçilərinin diqqət mərkəzində olan, siyasi mübarizəsini sosial şəbəkələr üzərindən davam etdirən, fəaliyyəti birmənalı qarşılanmayan ziddiyyətli bir simadır.
Qərbdə söyüş ritorikasına münasibət
Bəs Qərb ölkələrində bu cür blogerlik fəaliyyətinə necə baxırlar? Söyüş ritorikası Qərb mətbuatında qəbul olunurmu? Xeyr, təhqir, söyüş və şəxsi həyata müdaxilə üzərində qurulan bu növ fəaliyyət Qərb mediası və peşəkar institutları tərəfindən qəbul olunmur. Qərb ölkələrində də bu üslubda çıxış edən çoxsaylı radikal bloqerlər və siyasi vloggerlər mövcuddur, lakin onların fəaliyyəti ciddi hüquqi və etik çərçivələrlə məhdudlaşdırılır.
Qərbdə bu növ fəaliyyətin statusu və tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:
1. Jurnalistika və bloqerlik fərqi
Qərb mediası və Sərhədsiz Reportyorlar kimi beynəlxalq təşkilatlar Məhəmməd Mirzəlinin fəaliyyət üslubunu (söyüş və təhqiri) müdafiə etmir. Onların müdafiə etdiyi yeganə amil dissident hesab olunan şəxsin yaşamaq hüququdur. Avropada ona qarşı edilən sui-qəsd cəhdləri insan hüquqları müstəvisində pislənilir, lakin bu, onun leksikonuna bəraət qazandırmır;
2. Qərbdə bənzər fəaliyyətlər varmı?
Bəli, Qərbdə də xüsusilə ifrat sağçı, konspiroloq və ya radikal populist qruplara aid blogerlər mövcuddur. Onlar da öz siyasi rəqiblərinə qarşı aqressiv ritorika, manipulyasiya və ağır ifadələrdən istifadə edirlər. Lakin bu şəxslər “marjinal” (cəmiyyətin kənarında qalan) qəbul edilir və əsas media resurslarına (Mainstream Media) buraxılmırlar;
3. Qərbdə bu növ ritorikaya qarşı hansı cəzalar var?
Qərb ölkələrində ifadə azadlığı geniş olsa da, söyüş və təhqir qanunla qorunmur. Bu cür bloqerlər mütəmadi olaraq aşağıdakı sanksiyalarla üzləşirlər:
– Böyük məbləğdə təzminat: şəxsiyyətin təhqiri və böhtan (defamation) maddələri ilə milyonlarla dollarlıq məhkəmə cərimələri kəsilir;
– Platforma qadağaları (Deplatforming): YouTube, Facebook və X (Twitter) kimi Qərb şirkətləri nifrət nitqi (hate speech) və təhqir qaydalarını pozan bu blogerlərin hesablarını birdəfəlik bağlayır;
– Cinayət məsuliyyəti: təhqir, hədə-qorxu və fiziki zorakılığa çağırış elementləri daşıdıqda, Fransa və ABŞ daxil olmaqla, bir çox Qərb ölkəsində birbaşa həbslə nəticələnir.
Qərb sistemi tənqid və ifşanı qəbul edir, lakin şəxslərin təhqirini peşəkar fəaliyyət hesab etmir. Qərb ölkələrində blogerlərin söyüş, təhqir, şəxsi həyata müdaxilə və saxta iddialarına qarşı tətbiq edilən çox ciddi və əmsal təşkil edən hüquqi cəza faktları mövcuddur. İfadə azadlığı heç bir Qərb ölkəsində başqasının şərəf və ləyaqətini ayaqaltı etmək hüququ vermir. Bu barədə səs-küylü konkret məhkəmə faktları da mövcuddur. Bu cür məsələlərdə tətbiq edilən hüquqi cəza nümunələri barədə bir neçə fakt sadalayım:
– “Alex Jones” işi (ABŞ tarixin ən böyük təzminat cəzası):
Məşhur konspiroloq və media blogeri Aleks Cons (Alex Jones) adlı şəxs məktəb güllələnməsində ölənlərin ailələrini təhqir etdiyi, hadisənin quraşdırma olduğunu iddia etdiyi üçün məhkəməyə verilmişdi. Məhkəmə onun fəaliyyətini ağır böhtan və təhqir hesab edərək zərərçəkmişlərə 1,4 milyard dollar təzminat ödəməsi barədə qərar çıxardı. 2025-ci ilin oktyabrında ABŞ Ali Məhkəməsi blogerin apellyasiya şikayətini rədd etmiş, onun bütün media aktivləri və şirkəti müsadirə olunaraq hərraca çıxarılmışdır.
– Briqitte Makron və kiber-harassment işi (Fransa):
Fransa Prezidentinin xanımı Briqitte Makron haqqında sosial şəbəkələrdə nalayiq ifadələr, təhqirlər işlədən və onun transmilli kiber-təqibinə rəhbərlik edən şəxslər hədəf alınmışdır. 2026-cı ilin yanvar ayında Paris məhkəməsi sosial şəbəkələrdə bu kampaniyanı aparan və yayan 10 internet fəalını və blogeri birbaşa cinayət törətməkdə təqsirli bilərək məhkum etmişdir;
– Sosial media yazısına görə real həbslər (Böyük Britaniya)
Böyük Britaniyada “Rabitə Aktı” (Communications Act) çərçivəsində sosial şəbəkələrdə insanlara qarşı ağır söyüş, nifrət nitqi yayan və təhdid edən blogerlər birbaşa cinayət məsuliyyətinə cəlb olunur. Ölkədə hər il onlarla şəxs YouTube, X (Twitter) və Facebook-da yazdıqları təhqiramiz və nifrət dolu statuslara görə 6 aydan 2 ilə qədər real həbs cəzası alırlar;
– Şəxsi həyata müdaxiləyə görə cərimələr (Fransa)
Fransada Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, bir şəxsin razılığı olmadan onun şəxsi həyatına aid məlumatları və ya təhqiramiz iddiaları yaymaq qanunla qadağandır. Məhkəmələr mütəmadi olaraq böhtan xarakterli videolar yayan yerli blogerlərə qarşı 10 000 – 45 000 avro arası pul cərimələri tətbiq edir və həmin videoların dərhal silinməsini tələb edir.
Göründüyü kimi, Qərb hüquq sistemi siyasi tənqidə tam azadlıq versə də, şəxsi təhqir və ləkələməni dərhal sərt maliyyə və cinayət cəzaları ilə boğur.
***
I HİSSƏ
HÜQUQİ REALLIQ VƏ RƏQƏMSAL TƏXRİBATIN ANATOMİYASI
Giriş: Renn məhkəməsi ətrafındakı “ekstremal teatr”
2026-cı ilin may ayının 26-da Fransanın Bretan regionunun inzibati mərkəzi Renn şəhərində, tarixi Bretan Parlamentinin yerləşdiyi Xüsusi Ağır Cinayətlər Məhkəməsində (Special Assize Court) son illərin ən səs-küylü cinayət proseslərindən biri start götürdü. Müttəhimlər kürsüsündə 9 nəfər Azərbaycan mənşəli şəxs əyləşib. Onlar 2021-ci ilin martında Nant şəhərində azərbaycanlı mühacir bloger Məhəmməd Mirzəliyə qarşı 15 bıçaq zərbəsi ilə nəticələnən mütəşəkkil qətlə cəhd və cinayətkar qruplaşmada (association de malfaiteurs) iştirakda ittiham olunurlar. Lakin bu prosesi sadə bir cinayət işi (fait divers) səviyyəsindən çıxararaq beynəlxalq siyasi müstəviyə daşıyan amil məhkəmə binasının daxilində və xaricində yaradılmış qeyri-adi, az qala, teatral təhlükəsizlik mühitidir.
Renn şəhərinin mərkəzi Fransa jandarmı və xüsusi təyinatlı polisləri tərəfindən tamamilə mühasirəyə alınıb, yollar bağlanıb, hətta velosipedçilərin belə əraziyə daxil olmasına qadağa qoyulub. Zərərçəkmiş qismində tanınan Məhəmməd Mirzəli məhkəmə zalına zirehli avtomobildə, gülləkeçirməz jilet geyindirilməklə və maskalı xüsusi polis tərəfindən idarə olunan şəxsi mühafizə eskortunun müşayiəti ilə gətirilir. Qərb mediasının və müəyyən fransız dairələrinin bu mənzərəni böyük bir ajiotajla tirajlaması ictimai şüurda “transmilli siyasi repressiya” və “dövlət səviyyəsində təqib” narrativini formalaşdırmaq məqsədi daşıyır. Yaradılan bu vizual təzyiq mühiti hüquqi prosesi manipulyasiya etmək və beynəlxalq auditoriyada Azərbaycan Respublikasının imicinə qarşı sistemli hücum kampaniyası yürütmək üçün xüsusi dizayn edilmiş informasiya teatrıdır. Bu tədbirlər polisin daxili təhlükəsizlik protokolları ilə əsaslandırılsa da, onun kütləvi şəkildə nümayişkaranə təqdimatı obyektiv hüquqi reallığı siyasi şou ilə əvəzləmək cəhdindən başqa bir şey deyildir.
Fransa ədalət mühakiməsinin rəsmi mövqeyi: Xəyyam Haqverdiyev işinin hüquqi çərçivəsi
Bu transmilli manipulyasiya zəncirinin birinci mühüm halqası 3 iyun 2025-ci ildə Fransa məhkəməsi tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilən 43 yaşlı Azərbaycan vətəndaşı Xəyyam Haqverdiyevin cinayət işidir. 12 iyun 2022-ci ildə Fransanın qərbində, Anje şəhəri yaxınlığındakı ödəniş məntəqəsində idarə etdiyi avtomobildə “Magnum” tipli tapança, bir neçə soyuq silah və naviqasiya sisteminə Məhəmməd Mirzəlinin dəqiq ev koordinatları yazılmış şəkildə yaxalanan Haqverdiyev Qərbdəki anti-Azərbaycan şəbəkəsi tərəfindən “Bakının rəsmi killeri” kimi təqdim olundu. Lakin Fransa Respublikasının prokurorluğu və müstəntiqləri tərəfindən hazırlanmış rəsmi ittiham aktı və məhkəmənin çıxardığı yekun hökm sənədi araşdırıldıqda siyasi bəyanatlarla hüquqi faktlar arasındakı uçurum açıq şəkildə üzə çıxır.
Fransa prokurorluğu və məhkəməsi Xəyyam Haqverdiyevi hər hansı bir dövlətin rəsmi agenti, xüsusi xidmət orqanının əməkdaşı və ya rəsmi dövlət tapşırığının icraçısı kimi mühakimə etməyib. Fransa Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, o, sırf “mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində cinayət törətməyə cəhd və qanunsuz silah daşıma” maddələri ilə təqsirli bilinib. Çıxarılan qəti hökmün heç bir bəndində, heç bir sətirində cinayətin arxasında Azərbaycan dövlətinin, rəsmi Bakının və ya Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının dayandığına dair bir dənə də olsun rəsmi təsbit yer almayıb. Hüquqi müstəvidə iş tamamilə kriminal çərçivədə saxlanılıb. Çünki Fransa müstəntiqləri çoxillik araşdırmalara baxmayaraq, cinayətin dövlət orqanları tərəfindən maliyyələşdirildiyini və əmr zəncirinin rəsmi strukturlara bağlandığını göstərən heç bir maddi sübut, rəsmi sənəd və bank transferi aşkar edə bilməyiblər. Beləliklə, Haqverdiyevin məhkəmə işi sübut edir ki, qərar səviyyəsində Azərbaycan dövlətinin bu sui-qəsdlərdə əli olması iddiası Fransa ədalət mühakiməsi tərəfindən rəsmən rədd edilib və hüquqi qüvvədən məhrum bir fərziyyə olaraq qalıb.
Adil Əliyev mövzusu: rəqəmsal təxribatın ifşası və müdafiə tərəfinin iflası
Renn şəhərində keçirilən 9 nəfərlik böyük məhkəmə prosesində zərərçəkmiş tərəfin vəkilləri Anri Karpantye və Benua Poket cinayətin miqyasını süni şəkildə böyütmək üçün məqsədli olaraq Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin sabiq sədr müavini Adil Əliyevin adını dövriyyəyə buraxıblar. Müdafiə tərəfinin məhkəməyə “böyük sübut” kimi təqdim etdiyi yeganə material 2020-ci ilin mart ayında Məhəmməd Mirzəlinin Facebook Messenger hesabına gələn və guya Adil Əliyev tərəfindən yazıldığı iddia edilən bir hədə-qorxu mesajının ekran görüntüsündən (screenshot) ibarətdir.
Lakin kiber-cinayətkarlıq və rəqəmsal ekspertiza sahəsində Fransa kiber-polisinin (PNCO) apardığı araşdırmalar bu “sübut”un tamamilə iflasa uğraması ilə nəticələndi. Fransa prosessual hüququna görə, rəqəmsal materialın (mesajın) məhkəmədə hüquqi əsas sayılması üçün onun göndərildiyi an qeydə alınan İP (İnternet Protokol) ünvanı, istifadə olunan mobil cihazın İMEİ kodu və şəbəkə operatorunun log məlumatları (log data) konkret şəxsin fiziki kimliyi və yerləşdiyi coğrafi məkanla 100% uzlaşmalıdır.
Fransa istintaq orqanları sözügedən mesajın Adil Əliyevə məxsus hər hansı bir rəsmi və ya şəxsi rəqəmsal cihazdan çıxdığını, yaxud onun istifadəsində olan internet şəbəkəsi vasitəsilə göndərildiyini rəsmən sübuta yetirə bilmədilər. Müasir kiber-texnologiyalar dövründə istənilən dövlət rəsmisinin adına saxta (fake) profillərin açılması, VPN və ya anonim şəbəkələr (Tor, proxy) vasitəsilə təxribat xarakterli mesajların göndərilməsi olduqca bəsit bir prosedurdur. Fransa məhkəməsi də məhz bu texniki qeyri-müəyyənliyi və manipulyasiya riskini əsas gətirərək, müdafiə tərəfinin gətirdiyi rəqəmsal materialı “mənşəyi və sahibi naməlum məlumat” statusunda saxladı, onu rəsmi sübutlar bazasına daxil etmədi və Adil Əliyevə qarşı hər hansı hüquqi ittiham irəli sürməkdən birmənalı olaraq imtina etdi.
Mühacir medianın “Şou” mexanizmi və hüquqi məsuliyyət sərhədi
Fransa məhkəməsi bu rəqəmsal iddiaları sübutsuz sayaraq kənara qoysa da, Avropada məskunlaşan və əsas fəaliyyətləri söyüş, təhqir və manipulyasiyadan ibarət olan mühacir bloger şəbəkələri dərhal başqa bir yalan tezisi dövriyyəyə buraxdılar. Onlar iddia etdilər ki, guya Fransa məhkəməsi Adil Əliyevi rəsmi şəkildə ifadə vermək üçün Fransaya dəvət edib, lakin o, bu çağırışdan boyun qaçıraraq prosesə gəlməyib. Bu iddia beynəlxalq hüququn və cinayət-prosessual qanunvericiliyin fundamental mexanizmlərini bilməyən kütləni aldatmağa yönəlmiş növbəti informasiya manipulyasiyasıdır.
Beynəlxalq hüquq sistemində bir ölkənin məhkəmə orqanının başqa bir müstəqil dövlətin rəsmisini və ya vətəndaşını birbaşa “Fransaya ifadəyə çağırmaq” kimi bir səlahiyyəti yoxdur. Əgər istintaq müddətində hər hansı xarici vətəndaşın şahid və ya şübhəli qismində ifadəsinin alınmasına zərurət yaranarsa, məhkəmə beynəlxalq hüquqi yardım haqqında konvensiyalara uyğun olaraq rəsmi “Rogatory Commission” (İstintaq tapşırığı) tərtib etməli və bu sənədi rəsmi diplomatik kanallar vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərməlidir. Fransa tərəfindən Azərbaycanın rəsmi orqanlarına Adil Əliyevin dindirilməsi və ya ifadəsinin alınması ilə bağlı heç bir rəsmi hüquqi sorğu daxil olmayıb. Çünki o, bu işdə heç bir hüquqi statusa (şahid, şübhəli və ya müttəhim) malik deyil.
Burada ən mühüm nüans hüquqi məsuliyyət sərhədidir. Fransa qanunvericiliyinə (29 iyul 1881-ci il “Mətbuat azadlığı haqqında” Qanunun 41-ci maddəsi) əsasən, məhkəmə zalında vəkillərin və tərəflərin çıxışları “Məhkəmə toxunulmazlığı” (Immunité Judiciaire) ilə qorunur. Yəni Məhəmməd Mirzəlinin vəkili məhkəmə zalında siyasi təbliğat məqsədilə istənilən dövlət rəsmisinin adını çəkə bilər və buna görə cəzalandırılmır. Lakin bu iddialar məhkəmə binasından kənara çıxdığı, media və sosial şəbəkələrdə kəsərli və sübut olunmuş bir fakt kimi ictimaiyyətə təqdim edildiyi andan etibarən Fransa Cinayət Məcəlləsinə görə, rəsmi “Diffamation” (böhtan və şərəf-ləyaqətin təhqiri) cinayətini formalaşdırır. Azərbaycan tərəfinin və adı hallandırılan rəsmilərin Fransa məhkəmələrində bu yalanları yayan şəxslərə və media quruluşlarına qarşı genişmiqyaslı böhtan davaları açmaq və onları hüquqi baxımdan diz çökdürmək üçün tam hüquqi əsasları mövcuddur. Və mən şəxsən belə düşünürəm ki, dövlətimizin imicinə ləkə salmaq istəyənlər haqqında mütləq hüquqi tədbirlər görülməlidir.
ARDI VAR
