AZ

79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir

İyunun 1-dən etibarən 79 və 119 nömrəli marşrut xətlərində sərnişinlərə daha rahat və keyfiyyətli xidmət göstərilməsi məqsədilə avtobuslar yenilənir.

Bu barədə Marja.az “Xaliq Faiqoğlu” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, hər iki marşrut xəttinə ekoloji cəhətdən daha təmiz hesab olunan CNG texnologiyası ilə təchiz edilmiş müasir avtobuslar cəlb edilir.

79 nömrəli marşrut xətti M.Ə.Rəsulzadə qəsəbəsi ilə “28 May” metrostansiyası arasında hərəkət edəcək. Bu xətt üzrə 16 avtobusun sərnişinlərə xidmət göstərəcəyi, hərəkət intervalının isə 7 dəqiqə təşkil edəcəyi bildirilir.

119 nömrəli marşrut xətti isə Xırdalan şəhəri ilə “Memar Əcəmi” metrostansiyasını birləşdirəcək. Bu istiqamətdə 20 avtobus fəaliyyət göstərəcək. Marşrut üzrə hərəkət intervalı 5-6 dəqiqə olacaq.

Hər iki marşrut xəttində ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat təşkil edir.

Yenilənmə nəticəsində sözügedən istiqamətlərdə sərnişinlərin daha rahat, təhlükəsiz və müntəzəm ictimai nəqliyyat xidmətindən istifadə etməsi gözlənilir.

Seçilən
31
marja.az

1Mənbələr