AZ

“Oğlumu itirəndə həyatım yanıb kül oldu və cəhənəmə çevrildi” – 94 yaşlı rejissor

“Hələ nəfəs alıram. 94 yaşa görə yaxşı qalmışam. Özümü pis hiss etdiyimi deyə bilmərəm. Çünki bu yaşda hələ də ayaqdayam. Ancaq yaxşı da deyə bilmirəm. Ona görə ki, çətindir. Buna da şükür, qızımın yanında olmaq böyük şeydir”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın ilk qadın telerejissorlarından biri olan Solmaz Həmzəyeva deyib. O bildirib ki, səhhəti və əhvalı qaydasındadır:

“Şükür Allaha, hər şey yaxşıdır. Ölkəmizdən narahat deyiləm. Doğrudur, anam narahat getdi, amma mən rahatam. Anamın ən böyük dərdi Qarabağ idi, axı qarabağlı idi. Qarabağı yadına salıb? içdən ağlayırdı. Nə qardaşım Elçin, nə də anam Qarabağın azadlığın görə bildi. Anam Şuşada anadan olub. Onun babası İbrahim Xəlil Xan idi. Onlar köklü qarabağlı idilər. Buna görə də ürəkləri yaralı idi. Anamın atası Həbibxan Şəkinski olub. O da atasının soyadını götürüb. Ancaq dayım, xalam soyadlarını dəyişdilər, nənəmin soyadını götürdülər”.

Solmaz xanım evdə darıxmadığını bildirib: “Evdə görməyə iş tapıram. Çünki mən xoşlamıram ki, kimsə mənim üçün nə isə etsin. Cavanlıqdan hər şeyi özüm etməyə öyrəşmişəm. Qızım bazarlıq edir, amma çay və ya kofe də içsə, stəkanını mən yuyuram. Hər şeyi özüm edirəm, ona görə də sağlam qalmışam. Amma evdən çıxmaq mənə bir az çətindir. Şərqiyyə Hüseynovanın, Roza Tağıyevanın köməkliyi ilə şəhərə çıxıram. Biz 60 ildən çoxdur ki, dostuq. 10 gündən bir görüşüb şəhəri gəzirik. Şərqiyyə tarixi yerləri görməyi sevir, məni də özü ilə aparır.

Ancaq təəssüf ki, gözüm yaxşı görmür, mütaliə edə bilmirəm. Telefonu çox çətinliklə açıram. Qulağım da bir az zəifdir, ağzımda bir dişim yoxdur. Yeməklər blenderdən keçməlidir, çox çeynəyə bilmirəm. Qocalıq çox axmaq şeydir.

Bütün bu çətinliklərə baxmayaraq, yaşamaq istəyirəm. Çünki bilirəm ki, qızıma lazımam. Mən olmasam, onun heç kəsi yoxdur. Qardaşı rəhmətə gedəndən sonra ailə qurmadı. Ona görə də Allah məni saxlayır ki, qızıma dayaq olum. Bəzən deyirlər ki, hər yaşın öz gözəlliyi var vəs. Elə deyil, yaşlılığın heç bir ləzzəti yoxdur. Nə anam ölümdən qorxurdu, nə də mən qorxuram. Gözünü yumursan, canın bədəndən çıxır və bununla da bitir. İnsan Allahın hüzuruna gedir. Bundan niyə qorxum ki. O dünyanın olduğunu isə bilmirəm. Mən bu dünyada cəhənnəmi də, cənnəti də görmüşəm. Ölüm Allahın əlindədir”.

“Öz həyatınız haqda film çəksəydiniz özünüz hansı obrazı yaradardınız” sualımıza Solmaz xanım belə cavab verdi: “Çəkməzdim. Çünki hər şeyim çox keşməkeşli olub. Həyatım ağır olub, çox çətinliklər görmüşəm. Bu mənim şəxsi həyatımdır. Nə olubsa, hamısından keçmişəm. Mənim üçün bu dünyadakı cəhənnəm daha ağırdır.

27 yaşlı oğlumu itirəndə 55 yaşım var idi və onda həyat mənim üçün dayandı. Həyatım sanki yanıb kül oldu. O günlər mənim cəhənnəmim idi. İnsan xoşbəxtdirsə, bu cənnətdir. Böyük dərd varsa, bu cəhənnəmdir”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
37
1
musavat.com

2Mənbələr