AZ

Çeskı Krumlov - Avropanın nağıl şəhərində bir gün

Çexiyaya səyahət edənlərin əksəriyyəti ilk növbədə Praqanı görməyə, daha sonra isə məşhur Karlov Varı kurortuna baş çəkməyə çalışır. Lakin bu ölkənin ən gözəl xəzinələrindən biri çox vaxt turist marşrutlarından kənarda qalır. Söhbət Çexiyanın cənubunda, Vltava çayının sahilində yerləşən və "Avropanın nağıl şəhəri" adlandırılan Çeskı Krumlovdan gedir.

Praqadan bir neçə saatlıq məsafədə yerləşən bu şəhər ilin bütün fəsillərində öz gözəlliyini qoruyub saxlayır. Maraqlıdır ki, Çexiyaya gələn turistlərin böyük hissəsi Praqa və Karlov Varını tanısa da, Çeskı Krumlov barədə məlumatlı olmur. Halbuki bu şəhər ölkənin ən qiymətli tarixi və mədəni irs nümunələrindən biridir. İnternet mənbələrində qeyd olunur ki, şəhərin adı təxminən "Əyri çəmənlik" mənasını verir.

Qeyd edək ki, Çeskı Krumlov Vltava çayının döngələri arasında yerləşir. Məlumata görə bradakı bir çox evlərin yaşı təxminən 700 ilə çatır. Məhz buna görə şəhərin tarixi mərkəzi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Çexlər əsrlər boyu şəhərin qədim simasını qoruyub saxlaya biliblər. Şəhərin mərkəzində addımladıqca hər tərəfdə renessans üslubunda tikilmiş binalar, qədim meydanlar, dar daş küçələr ilə qarşılaşırsan. Təsadüfi deyil ki, bir sıra filmlərin çəkilişləri məhz burada aparılıb. Onlardan biri də məşhur çex nağıl filmi "Tanrının Mələyi" ("Anděl Páně") olub. Filmi izləyərkən insan həqiqətən də özünü nağıl dünyasında hiss edir.

Bu şəhərlə bağlı ən maraqlı xatirələrimdən biri ilk səfərim zamanı yaşanıb. Təxminən dörd il əvvəl Çeskı Krumlova ilk dəfə gələndə şəhərin mərkəzində, Vltava çayının sahilində yerləşən bir restoran diqqətimi çəkdi. Restoranın adı "Leyla" idi. Restoranın menyusunda qeyd olunan Azərbaycan kababı, plovu və digər milli yeməkləri məni təəccübləndirmişdi. Avropanın bu qədim şəhərində Azərbaycan mətbəxinin təqdim olunması maraqlı mənzərə yaradırdı. Lakin restoranın qapıları bağlı idi. Sonradan öyrəndim ki, pandemiya dövründə fəaliyyətini dayandırmalı olub.

Bu dəfə şəhərə yenidən gələndə həmin məkanı yenidən ziyarət etdim. Restoranın ümumi görünüşü və dizaynı dəyişməsə də, artıq burada Azərbaycan restoranı fəaliyyət göstərmirdi. Məkan yeni sahib tərəfindən idarə olunur və qonaqlara Çexiya mətbəxi təqdim edilir.

Çeskı Krumlovun ən möhtəşəm simvolu şəhərin üzərində ucalan qədim qala kompleksidir. Şəhərin demək olar ki, hər nöqtəsindən görünən bu nəhəng tikili Vltava çayının üzərində yerləşir. Tarixi mənbələrə görə, qala kompleksinin əsası XIII əsrdə qoyulub. Bu gün Çeskı Krumlov qalası Praqa qalasından sonra Çexiyanın ikinci ən böyük qala-kompleksi hesab olunur. Kompleks beş böyük həyət, onlarla saray binası, bağlar, qüllələr və müxtəlif tarixi tikililərdən ibarətdir.

Qalanın girişində yerləşən Ayı xəndəyi isə turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir.

Dünyanın əksər qalalarında xəndəklər su ilə doldurulurdu. Çeskı Krumlovda isə əsrlər boyu həmin xəndəkdə ayılar saxlanılıb. Maraqlıdır ki, bu ənənə müəyyən formada bu gün də davam etdirilir və şəhərin ən fərqli simvollarından biri hesab olunur.

Qalanın qülləsinə qalxdıqca insanın qarşısında möhtəşəm mənzərə açılır.

Şəhərin qırmızı damları, qədim kilsələrin qüllələri, Vltava çayının at nalını xatırladan döngələri və daş küçələri yuxarıdan baxdıqda Çeskı Krumlovun niyə "Avropanın nağıl şəhəri" adlandırıldığını anlamaq olur.

Qeyd edək ki, 1992-ci ildə Çeskı Krumlovun tarixi mərkəzi və qala kompleksi UNESCO Dünya İrsi Siyahısına daxil edilib. Və Çeskı Krumlov illər keçsə də "Avropanın nağıl şəhəri" adını qoruyub saxlayır.

 

Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com

Seçilən
64
musavat.com

1Mənbələr