AZ

Sonuncu dəfə onu daş karxanasında görmüşdülər – Tankçımızın naməlum taleyi

Birinci Qarabağ müharibəsinin ağır və faciəli səhifələrindən biri də minlərlə azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülməsi ilə bağlıdır. Həmin hərbçilərdən biri də Quba rayonunun Digah kənd sakini Nahid Azay oğlu Ələsgərov olub.

Nahid Ələsgərov 1967-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Digah kəndində anadan olub. O, 15 dekabr 1993-cü ildə Quba Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və tank taburunun tərkibində cəbhə bölgəsinə göndərilib.

Gənc tankçı Ağdam rayonu uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Lakin onun döyüş yolu uzun çəkməyib. 31 dekabr 1993-cü ildə Ağdam rayonunun Salahlı kəndi istiqamətində baş verən döyüş zamanı Nahid Ələsgərov tank heyətinin digər üzvləri – Məmmədov Ağahəsən Firudin oğlu, İbrahimov İlham Abdulla oğlu və Gimadiyev İldar Nailoviçlə birlikdə ermənilər tərəfindən əsir götürülüb.

Ələsgərov 5 yanvar 1994-cü ildən 8 may 1995-ci ilədək erməni əsirliyində saxlanılıb. Onun əsirlik həyatı ilə bağlı məlumatlar həm şahid ifadələrində, həm də beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb.

Nəsimi rayonu, A. Səhhət küçəsi 57 ünvanında yaşayan keçmiş əsir Hüseynov Cavid Ağa oğlunun izahatına görə, o, 1994-cü ilin yayında işğal altında olan Ağdam rayonundakı daş karxanasına aparılıb. Burada ağır fiziki əməyə məcbur edilən əsirlər arasında keçmiş döyüş yoldaşları Nahid Ələsgərovu və digər əsir götürülmüş tankçıları görüb.

Cavid Hüseynovun sözlərinə görə, həmin görüş zamanı tankçılar ona Xocavənd rayonu ərazisində əsir saxlandıqlarını bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrindən gizlədilir və qeydiyyata alınmırlar. Bu isə əsirlərin vəziyyəti ilə bağlı məlumatların beynəlxalq qurumlara çatdırılmasını çətinləşdirirdi.
Şahid ifadəsində qeyd olunur ki, həmin görüşdən sonra o, Nahid Ələsgərovu və digər tankçıları bir daha görməyib.

Bununla belə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin 1994-cü ilə aid məlumatlarında Nahid Ələsgərovun adına rast gəlinir. Komitənin məlumatına görə, o, həmin ilin sentyabr ayında işğal olunmuş Ağdam rayonu ərazisində yerləşən daş karxanalarında işləyərkən görünüb.

Beləliklə, beynəlxalq təşkilatın məlumatları və şahid ifadələri Nahid Ələsgərovun erməni əsirliyində saxlanıldığını və ağır fiziki işlərə cəlb olunduğunu təsdiqləyir.

Onun taleyi Birinci Qarabağ müharibəsində əsir və girov düşmüş yüzlərlə azərbaycanlının yaşadığı ağır sınaqların növbəti nümunələrindən biri kimi yadda qalıb.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr